Estoniya bu il ümumi daxili məhsulun (ÜDM) 5,4 %-ni müdafiəyə xərcləyəcək.
"Report" xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kristen Mixal "Facebook"da paylaşım edib.
"2026-cı ildə xarici vəsaitlər də daxil olmaqla, Estoniyanın müdafiə xərcləri tarixi baxımdan yüksəkdir: təxminən 2,4 milyard avro və ya ÜDM-in 5,43 faizi", - o yazıb.
Baş nazirin sözlərinə görə, Müdafiə Nazirliyi tərəfindən ötən il üçün planlaşdırılan bütün alışlar uğurla həyata keçirilib, 545 milyon avro dəyərində silah və sursat idxal olunub.
"Planlaşdırılan hər şey hazırdır. 350 milyon avro dəyərində sursat alınıb. Əslində, bizim ÜDM-in bir faizi lazımi sursata qoyulub", - baş nazir bildirib.
Mixal qeyd edib ki, Estoniya daha çox "K9" özüyeriyən artilleriya sistemləri və "HIMARS" reaktiv sistemləri əldə edib.
"Milli müdafiəyə Estoniyanın öz investisiyaları ilə yanaşı, Birləşmiş Ştatların da töhfəsi olub. Bu da müttəfiqliyimizin təhlükəsizliyini və keyfiyyətini göstərir", - hökumət başçısı bildirib.