IMG-LOGO

Danimarka və Fransa Qrenlandiya üzərində təlim uçuşları həyata keçirib

17 Jan 2026 19:37 2 baxış
IMG

Danimarka Hərbi Hava Qüvvələri fransız müttəfiqləri ilə birlikdə Qrenlandiya səmasında təlim missiyası keçirib.

"Report" xəbər verir ki, bu barədə Danimarka Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, uçuşlarda Danimarkanın iki müasir "F-35" qırıcısı və Fransanın "Airbus A330MRTT" tipli yanacaqdolduran təyyarəsi iştirak edib. Təlimlərin əsas məqsədi havada yanacaqdoldurma, uzaq məsafəli uçuşlar və Arktikanın ekstremal şəraitində fəaliyyətlərin sınaqdan keçirilməsi olub.

Təyyarələrin marşrutu Danimarkadakı Skrüdstup aviabazasından Qrenlandiyanın şərq sahillərinə, Kulusuk adası bölgəsinə qədər uzanıb. Fransız yanacaqdolduran təyyarəsi öz bazasından – Fransanın cənubundan uzun məsafəli uçuş həyata keçirib və missiya başa çatdıqdan sonra geri qayıdıb. Şimali Atlantika üzərində uçuş zamanı hava qrupu həmçinin Farer adaları bölgəsindən keçib.

Qrenlandiyada və onun ətrafında Danimarka Silahlı Qüvvələrinin mövcudluğunun genişləndirilməsi 2025-ci ildə Fransa, Almaniya, İsveç və Norveçin iştirakı ilə başlanıb. 2026-cı ildə bu iş davam etdiriləcək: quru, dəniz və hava məkanında yeni genişmiqyaslı təlimlərin keçirilməsi, o cümlədən "F-35" qırıcılarının havada yanacaq doldurmaqla uzun məsafəli uçuşları planlaşdırılır.

Xəbər lenti