IMG-LOGO

Asqırmağı saxlamaq niyə təhlükəlidir?

17 Jan 2026 16:18 2 baxış
IMG
13 0

Həkimlər asqırmaq istəyini boğmamağı tövsiyə edirlər, çünki bu, ciddi fəsadlara səbəb ola bilər. Cəmiyyət arasında yüksək səslə asqırmağın ədəbsiz olduğu düşünülür. Buna görə də bir çox insan ictimai yerlərdə və ya başqaları ilə ünsiyyət zamanı asqırmanı saxlamağa çalışır. Lakin həkimlər bildirirlər ki, bu davranış tamamilə yanlışdır və hətta təhlükəlidir. Mütəxəssislərin xəbərdarlığına görə, asqırmanı müntəzəm şəkildə saxlamaq ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Lent.az xəbər verir ki, məsələ ondadır ki, asqırma zamanı burun ciblərində, burun boşluğunda və udlaqda təzyiq kəskin şəkildə artır. Asqırma refleksinin süni şəkildə saxlanılması isə bu təzyiqin daha da yüksəlməsinə səbəb olur və qan damarlarını risk altına salır. Tibbi ədəbiyyatda beynə qan sızması və qulaq pərdəsinin cırılması halları təsvir olunub. Bu hallar əsasən havanın kəskin şəkildə xaricə çıxarılmağa çalışılması zamanı yaranan yüksək təzyiq nəticəsində baş verir.

Londonda fəaliyyət göstərən ümumi praktik həkim Stüart Sandersin sözlərinə görə, asqırma bəzən o qədər güclü ola bilər ki, beyindəki anevrizmanın cırılmasına belə səbəb ola bilər. Həkimin bildirdiyinə görə, asqırmanın saxlanılması arterial təzyiqin ani yüksəlməsinə gətirib çıxara bilər. Bu da damarların zədələnməsi və beyin anevrizmasının partlaması riskini artırır. Asqırma saxlanıldıqda burunun arxa hissəsində hava təzyiqi yüksəlir və bu, seliyin və infeksiyanın orta qulağa keçmə ehtimalını artırır. Nəticədə kəskin eşitmə itkisi, orta qulaq iltihabı (otit) və bəzi hallarda qulaq pərdəsinin cırılması baş verə bilər. Asqırmanı saxlamaq vərdişindən imtina etməyin üçüncü mühüm səbəbi isə kəskin sinusit riskidir. Təzyiqin artması infeksiyanın burunətrafı ciblərə keçməsinə və iltihabın yaranmasına səbəb ola bilər.

Mütəxəssis bu fəsadlardan qorunmaq üçün asqırma zamanı təzyiqin təbii şəkildə boşalmasına imkan verməyi tövsiyə edir. Əgər insan mikrobların yayılmasının qarşısını almaq üçün asqırmanı saxlamağa çalışırsa, bunun əvəzinə asqırarkən ağız və burnu örtməsi məsləhət görülür.

Sağlıq Asqırmanı saxlamaq niyə zərərlidir

Xəbər lenti