Güləş üzrə Azərbaycan çempionatının və hakimlər korpusunun inkişafı aydın görünür.
"Report" xəbər verir ki, bunu ən ali kateqoriyaya (I-S) sahib beynəlxalq dərəcəli qazaxıstanlı hakim Yerik Jumabekov Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
O, ölkə çempionatının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb, Azərbaycan güləşçilərinin potensialına xüsusi diqqət çəkib:
"İdmançıların mübarizə səviyyəsi çox yüksək idi. Olimpiya çəkilərində çıxış edən güləşçilərin dünya çempionatında da sözlərini deyə biləcəyinə inanıram. Artıq ikinci ildir ki, hakim kimi Azərbaycana gəlirik, çempionatın və hakimlər korpusunun inkişafını aydın görürük".
Digər qazaxıstanlı hakim İqor Liqay Azərbaycan çempionatında ikinci dəfə iştirak etdiyini bildirib. Onun sözlərinə görə, əvvəlki illə müqayisədə bu dəfə təşkilatçılıq daha yüksək səviyyədə olub:
"Çoxlu izləyici vardı. Hətta arenada azarkeşlər arasında yarışların təşkili güləşin daha da tanınmasına xidmət edirdi. Hakimlik səviyyəsi də xeyli artmışdı. Güləşçilər yaxşı texnika nümayiş etdirdilər. Bu inkişaf sevindiricidir. İnanıram ki, Azərbaycan güləşçiləri növbəti Olimpiadada da uğurlu çıxış edəcəklər".
İranlı referi Nima Sadeqi isə Azərbaycan çempionatında çalışmanın onun üçün həyəcanverici olduğunu qeyd edib:
"Çempionatın təşkilatçılığı çox yüksək səviyyədə idi. Azərbaycan güləş sahəsində böyük gücə malikdir və bu ölkə dünya miqyasında güləşlə tanınır. Bakı çox gözəldir, insanlar isə son dərəcə qonaqpərvərdir".
Rumıniyalı hakim Marius Kimpoeru Azərbaycanda illər ərzində böyük dəyişikliklərin şahidi olduğunu bildirib:
"2009-cu ildən sonra ölkənizdə ciddi inkişaf müşahidə olunur. Bu yarış da yüksək səviyyədə təşkil edilmişdi. Güclü güləşçilərin iştirakı ilə maraqlı və gərgin qarşılaşmalar izlədik".
Ukraynalı referi Roman Pavlov isə ilk dəfə Azərbaycan çempionatında hakimlik etdiyini deyib:
"İdmançılar arasında rəqabət yüksək idi. Gənc və təcrübəli hakimlərin birgə fəaliyyəti çox yaxşı nəticə verdi. Dolu zalda işləmək xüsusi zövq və adrenalin yaradır. Azərbaycanın müxtəlif yaş qrupları üzrə çempionatlarına xarici hakimlərin dəvət olunması çox təqdirəlayiqdir".
Qeyd edək ki, güləş üzrə Azərbaycan çempionatı yanvarın 7-dən 11-dək Bakı İdman Sarayında təşkil olunub.