İsveçrənin Cenevrə şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin Cenevrə Ofisi ilə birgə tərəfdaşlıq çərçivəsində təşkil etdiyi 35-ci Ali Səviyyəli Toplantısı çərçivəsində "Qlobal mənzil böhranının birgə həlli" mövzusunda panel müzakirəsi təşkil edilib.
Bu barədə "Report" WUF13 Azərbaycan Əməliyyat Şirkətinə istinadən xəbər verir .
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax əsas məruzəçilər qismində çıxış ediblər.
"Çoxqütblü parçalanmalar və transformasiya dövründə multilateralizmin yenidən formalaşdırılması" mövzusuna həsr olunan tədbir 30-dan artıq ölkəni təmsil edən 50-dən çox yüksək səviyyəli beynəlxalq iştirakçını bir araya gətirib.
Sözügedən toplantıda beynəlxalq hüququn və ictimai rifahın qorunması üçün kollektiv fəaliyyətin təcili zəruriliyi, həmçinin layiqli mənzil təminatının dayanıqlı şəhər inkişafının mərkəzində olması və bu məsələlərin UN-Habitat-ın 2026–2029-cu illər üçün Strateji Planında yer alması xüsusi olaraq vurğulanıb. Müzakirələr zamanı qlobal öhdəliklərin konkret tədbirlərə çevrilməsi və dayanıqlı, əlçatan mənzil təminatının sürətləndirilməsi vacib məsələlər kimi qeyd olunub.
Çıxışı zamanı A. Quliyev multilateralizmin heç bir ölkənin təkbaşına həll edə bilmədiyi-iqlim dəyişikliyi, sürətli urbanizasiya, bərabərsizlik və dayanıqlı inkişaf kimi qlobal çağırışların öhdəsindən gəlmək üçün ən effektiv yanaşma olduğunu bildirib. O, bu kontekstdə şəhər və yaşayış məskənlərində qlobal həllərin praktik fəaliyyətə çevrildiyi əsas məkanlar kimi həlledici rolunu xüsusi vurğulayıb.
Qeyd edib ki, Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan şəhərləri və infrastrukturu regionları və cəmiyyətləri birləşdirən körpülər kimi dəyərləndirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və inteqrasiya olunmuş şəhərsalma layihələrindən danışan Anar Quliyev bu layihələrin təkcə ərazilərin yenidən qurulması deyil, həm də uzunmüddətli sülhə, sabitliyə və regional əməkdaşlığa töhfə vermək məqsədi daşıdığını bildirib.
Sonda A.Quliyev həmkarlarını 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına dəvət edib.
Qeyd edək ki, toplantıda Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı, Ümumdünya Ticarət Təşkilatı, BMT-nin Məskunlaşma Proqramı, Beynəlxalq Telekommunikasiya İttifaqı və BMT-nin HİV/QİÇS üzrə Birgə Proqramı kimi nüfuzlu təşkilatların ali səviyyəli rəhbərləri və nümayəndələri iştirak edib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və BMT-nin Cenevrə Ofisinin birgə təşkil etdiyi bu Ali Səviyyəli Toplantı çoxtərəfli əməkdaşlığı gücləndirmək və qlobal gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından beynəlxalq səviyyədə əhəmiyyətli platforma hesab olunur.
WUF13, qlobal mənzil və şəhərsalma çağırışlarının həllində fəal rol oynayaraq, çoxsahəli əməkdaşlıqların gücləndirilməsi və dayanıqlı şəhər inkişafının sürətləndirilməsinə töhfə verdiyini bir daha nümayiş etdirib.







