IMG-LOGO

Orxan Zeynalov: "İğdır-Naxçıvan kəməri ötürücülük gücünün artırılması ilə qazın əks axınına imkan yaradır"

16 Jan 2026 17:17 3 baxış
IMG

İğdır-Naxçıvan qaz kəməri Naxçıvanla Türkiyə arasında quru xətti ilə birbaşa təbii qaz təchizatını təmin etməklə yanaşı, ötürücülük gücünün artırılması hesabına qazın əks axınına da imkan yaradır.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir müavini Orxan Zeynalov Türkiyənin Rizə şəhərində enerji, beynəlxalq təhlükəsizlik və diplomatiya mövzusunda keçirilən Beynəlxalq Ayder Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu layihə təkcə Naxçıvanın enerji təchizatını gücləndirmir, eyni zamanda Zəngəzur dəhlizi perspektivində gələcək infrastruktur sinxronluğunun formalaşmasına xidmət edir.

Nazir müavini Azərbaycan və Türkiyə prezidentlərinin uzaqgörən və qətiyyətli liderliyi ilə formalaşan strateji müttəfiqliyin regional təhlükəsizlik, dayanıqlı inkişaf və enerji sahəsində çoxşaxəli əməkdaşlığa verdiyi töhfələri vurğulayıb. O, enerji əməkdaşlığının dərinləşdirilməsində Azərbaycan-Türkiyə Enerji Forumunun, forum çərçivəsində fəaliyyət göstərən işçi qruplarının rolundan, eləcə də "yaşıl enerji dəhliz"ləri istiqamətində həyata keçirilən siyasətdən bəhs edib.

Çıxışda Azərbaycandan, Qazaxıstan və Özbəkistandan istehsal olunan "yaşıl enerji"nin Naxçıvana, oradan isə Türkiyə və Avropaya ötürülməsi hədəfləri, həmçinin Gürcüstan üzərindən Türkiyəyə və Avropaya elektrik enerjisi ixracını təmin edəcək infrastruktur imkanları diqqətə çatdırılıb. Bu kontekstdə "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan yaşıl enerji dəhlizi" layihəsi barədə də məlumat verilib.

Türk şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonası kimi inkişafında iştirakının əhəmiyyəti qeyd olunub, bərpa olunan enerji, enerji saxlanc sistemləri, "yaşıl hidrogen", karbon tutma texnologiyaları, enerji səmərəliliyi, eləcə də enerji bazarları və tənzimləmə sahəsində Türkiyə təcrübəsinin öyrənilməsinin vacibliyi vurğulanıb.

Bildirilib ki, həyata keçirilən və perspektivə hesablanan enerji layihələri təkcə iki qardaş ölkənin rifahına deyil, eyni zamanda regionda sabitliyin möhkəmlənməsinə, enerji təhlükəsizliyinin təmin olunmasına və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir.

Xəbər lenti