NTD basketbol komandası mövsümün qalan hissəsində uğurlu çıxış etməyə çalışacaq.
Bu barədə "Report"a paytaxt təmsilçisinin baş məşqçisi Tahir Baxşıyev açıqlama verib.
Mütəxəssis Azərbaycan Basketbol Liqasının A qrupunda 12 xalla sonuncu - altıncı pillədə qərarlaşmalarına münasibət bildirib:
"Klub olaraq istədiyimiz transferləri edə bilməmişik. Heyətimizə daha bir basketbolçu cəlb etmək niyyətindəyik. Danışıqlar davam edir, gözləyirik. Ondan sonra bu heyətlə sonadək mübarizə aparacağıq. Mövsümün qalan hissəsində uğurlu çıxış etməyə çalışacağıq".
T.Baxşıyev XIII turda "Abşeron Lions"a qarşı oyuna hazırlaşdıqlarını söyləyib:
"Rəqibimiz çempionatda A qrupunun lideridir. Onların gücünə bələdik, çox yaxşı komandadır. Buna baxmayaraq, biz hər oyunda qalib gəlmək istəyirik. Bunun alınıb-alınmaması başqa mövzudur".
Qeyd edək ki, NTD - "Abşeron Lions" oyunu yanvarın 18-də, saat 18:00-da Bakı İdman Sarayında keçiriləcək.