Ötən il "Azərbaycan multikulturalizmi" fənni 65 universitetdə tədris olunub.
"Report" xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) illik hesabatında qeyd olunub.
Bildirilib ki, BBMM 2025-ci ildə 15 ölkədə 18 yerli və beynəlxalq konfrans keçirib. Bunlar multikulturalizmin təbliği, islamofobiya və antisemitizmlə mübarizə, dağıdılmış mədəni irsin qorunması və bərpası, Qərbi azərbaycanlıların qayıdış hüququnun gündəmdə saxlanılması, eləcə də neokolonyalizmə qarşı mübarizə istiqamətlərində ardıcıl layihələr reallaşdırıb və nüfuzlu beynəlxalq platformalarda Azərbaycanın multikulturalizm modelini əhatə edir.
Qeyd olunub ki, "Azərbaycan multikulturalizmi" fənni hesabat ilində dünyanın 10 universitetində tədris edilib. Ümumilikdə "Azərbaycan multikulturalizmi" fənni ilin sonuna qədər dünyanın 27, Azərbaycanın isə 38 nüfuzlu universitetində tədris olunub. Tədrisin keyfiyyətini yüksəltmək üçün BBMM tərəfindən "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənlərini tədris edən müəllimlər üçün hər il yaz və qış semestrlərində treninqlər keçirilib, treninqlərə 22 təhsil müəssisəsindən 70 müəllim, həmçinin Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları qoşulub.
Mərkəzin 2025-ci ildə beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti çərçivəsində il ərzində BBMM-də 22 xarici nümayəndə heyəti ilə görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycan multikulturalizm modeli, ölkədəki tolerant mühit, müxtəlif etnik və dini icmaların sülh şəraitində birgəyaşayışı haqqında ətraflı məlumat verilib, əməkdaşlıq imkanları müzakirə olunub.
2025-ci il BBMM-in beynəlxalq tərəfdaşlıq şəbəkəsi genişlənib. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), İnsan Qardaşlığı Ali Komitəsi və Qazaxıstanın Beynəlxalq Konfessiyalararası və Dinlərarası Dialoq Mərkəzi ilə Anlaşma Memorandumları imzalanıb. Bu sənədlər çərçivəsində gələcəkdə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, beynəlxalq konfrans və forumların təşkili, peşəkar təcrübə və bilik mübadiləsinin daha da genişləndirilməsi üçün möhkəm hüquqi və institusional baza formalaşıb.














