Avstraliyada yaşı 16-dan az olan şəxslərin sosial şəbəkəyə girişini qadağan edən qanun qüvvəyə mindikdən sonra uşaqlara və yeniyetmələrə məxsus azı 4,7 milyon hesab deaktiv edilib və ya silinib.
"Report"un məlumatına görə, bunu ölkənin internet tənzimləyicisi olan "eSafety" tərəfindən dərc edilən məlumatlar göstərir.
Məlumata görə, 10 dekabr 2025-ci ildən bəri Avstraliyada fəaliyyət göstərən sosial şəbəkə şirkətləri uşaqlara və yeniyetmələrə məxsus 4,7 milyon hesaba girişi bloklayıb. "Aparıcı platformalar 16 yaşdan kiçiklərin hesablara girişinin qarşısını almaq üçün əhəmiyyətli tədbirlər görür və mən ilkin nəticələrdən çox məmnunam", - internet tənzimləyicinin komissiyasının rəhbəri Juli İnman-Qrant bildirib.
O, həmçinin qeyd edib ki, "eSafety" istifadəçi yaşının aşkarlanmasının dəqiqliyini və effektivliyini artırmaq və qanuni tələblərin pozulmasının qarşısını almaq üçün texnologiya şirkətləri ilə işləməyə davam edəcək.
"Əlbəttə, bəzi uşaqlar qadağaları aşmaq və sosial şəbəkələrdə qalmaq üçün yaradıcı yollar tapırlar, lakin unutmamaq vacibdir ki, bu halda uğur ümumi zərərin azaldılması və mədəni normaların bərpası ilə ölçülür", - komissar vurğulayıb. O, əlavə edib ki, tənzimləyici məlumatları toplamağa davam edəcək, istifadəçilərin digər platformalara keçməsi ilə bağlı məlumatları da izləyəcək.
Avstraliyanın Baş naziri Entoni Albanese bildirib ki, sosial şəbəkə şirkətləri qanunlara riayət etmək üçün əhəmiyyətli səylər göstərir və bu, ümidvericidir. "Dəyişiklik bir gecədə baş vermir, lakin ilkin dəlillər bunun baş verməsini təmin etmək üçün bütün addımları atdığımızı göstərir", - o bildirib.
Lakin Avstraliya insan haqları təşkilatlarının nümayəndələri daha az nikbindirlər. "Digital Rights Watch"un sədri Lizzi O Şi bildirib ki, "silinən hesabların sayı uğurun göstəricisi hesab edilə bilməz". "Burada vacib olan (sosial media) qadağasının gənclərin rifahına təsiridir. Bu baxımdan, o, təsirsiz olaraq qalır. Yeniyetmələr dəstək şəbəkələrindən kəsilməklə barışıblar və bir çoxları üçün qadağa ciddi zərər verib", - o deyib.
Xatırladaq ki, Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial mediaya çıxışını qadağan edən qanun 10 dekabr 2025-ci ildə qüvvəyə minib. Qadağa feysbuk, instaqram, "Kick", "Reddit", "Snapchat", "Threads", "TikTok", "Twitch", "X" və "YouTube"a aiddir. Yeni qanunvericiliyə görə, onun pozulmasına görə bütün məsuliyyət yetkinlik yaşına çatmayanların hesablarını ləğv etmək üçün bütün mümkün tədbirləri görmədikləri təqdirdə 49,5 milyon Avstraliya dollarına (32,9 milyon dollar) qədər cərimə ilə üzləşən texnoloji platformalara aiddir.