ABŞ Yaponiyadan müdafiə xərclərini daha da artırmağı tələb etməyib.
"Report"un məlumatına görə, bunu Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi Vaşinqtonda Pentaqon rəhbəri Pit Heqsetlə danışıqlardan sonra jurnalistlərə bildirib.
O bildirib ki, hələ 2025-ci ilin oktyabrında Heqsetlə ilk görüşündə Pit onu bu məsələ ilə bağlı Yaponiyaya heç bir tələb qoyulmayacağına əmin edib. "Bu mövqe bu dəfə də səsləndirildi", - "Kyodo" Koizuminin sözlərini sitat gətirib. O, həmçinin bildirib ki, ABŞ Baş nazir Sanae Takaiçinin müdafiə xərclərini artıran siyasətini yüksək qiymətləndirir.
Yaponiya Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, Yaponiya ilə ABŞ birgə təlim, manevrləri intensivləşdirmək barədə razılığa gəliblər və Hind-Sakit okean regionunda "təcavüzün qarşısını almaq" üçün birlikdə işləmək niyyətlərini təsdiqləyiblər. "Biz müttəfiqliyimizin tamamilə sarsılmaz olduğunu təsdiqlədik", - o əlavə edib.