Çinin "Galactic Energy" şirkəti dörd "Tianqi" telekommunikasiya peykini uğurla orbitə buraxıb.
"Report"un xəbərinə görə, şirkət bu barədə "WeChat"da məlumat verib.
Buraxılış 16 yanvarda Pekin vaxtı ilə saat 4:10-da Sarı dənizdəki Hayan kosmodromundan baş tutub. Peyklərin buraxılması üçün "Ceres-1" buraxılış vasitəsindən istifadə edilib.
"Tianqi 37-40" peykləri 850 km yüksəklikdə orbitdə fırlanır və qlobal "Xiwang" (Ümid) internet layihəsini həyata keçirmək üçün nəzərdə tutulub. "Galactic Energy" şirkəti avtomobillərdə və portativ cihazlarda elektron sistemlər vasitəsilə istehlakçı xidmətlərinin göstərilməsini araşdırdığını bildirib.
Bu peyk qruplaşması meşə və kənd təsərrüfatı, fövqəladə hallarda, turizm, ekologiya və su ehtiyatlarının idarə olunmasında, eləcə də enerji, neft, dənizçilik və ağıllı şəhər sektorları üçün rəqəmsal məlumatların ötürülməsinə imkan verəcək.