ABŞ administrasiyası Venesuela neftinin qlobal bazarda satışını asanlaşdırmaq üçün əvvəllər bu ölkəyə tətbiq olunan sanksiyaların daha bir hissəsini ləğv edə bilər.
"Report"un məlumatına görə, ABŞ-nin maliyyə naziri Skott Bessent bunu "Reuters" agentliyinə müsahibəsində açıqlayıb.
"Satılacaq neftə qarşı sanksiyaları qaldırırıq. Bu, gələn həftə baş verə bilər" - o, hansı sanksiyalardan danışdığını dəqiqləşdirmədən əlavə edib.
Bessent həmçinin əlavə etdi ki, ABŞ hökuməti Venesuelanın Beynəlxalq Valyuta Fondunda bloklanmış 3,59 milyard xüsusi borc hüquqlarını (fondun hesab vahidi) nağd pula çevirmək niyyətindədir - hazırkı məzənnə ilə bu məbləğ təxminən 4,9 milyard dollardır. Nazir bu maliyyələşdirmənin Venesuela iqtisadiyyatını bərpa etmək üçün istifadə oluna biləcəyini açıqlayıb.