IMG-LOGO

KİV: Aİ Trampın Qrenlandiyanı ilhaq etmək planlarına görə ABŞ-yə sanksiyalar hazırlayır

11 Jan 2026 03:48 5 baxış
IMG

Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək planlarından imtina etməyəcəyi təqdirdə, Amerika şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək planları hazırlayır.

"Report"un xəbərinə görə, bu barədə Britaniyanın həftəlik "The Sunday Telegraph qəzeti" mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, məhdudlaşdırıcı tədbirlər Amerikanın texnologiya nəhəngləri "Meta", "Google" və "Microsoft"u hədəfə ala bilər. Bundan əlavə, Brüssel "X" sosial şəbəkəsinin fəaliyyətini məhdudlaşdıra və ABŞ-də yerləşən banklara və maliyyə firmalarına məhdudiyyətlər tətbiq edə bilər.

Qəzet vurğulayıb ki, Avropa ölkələrinin öz ərazilərindəki Amerika hərbi bazalarını bağlaya biləcəyi ssenari də nəzərdən keçirilir. "The Sunday Telegraph" bu cür tədbirləri həddindən artıq adlandırıb və əlavə edib ki, Tramp Böyük Britaniya və Aİ-nin aparıcı üzv dövlətlərinin adanın ABŞ-yə birləşməsinin qarşısını almaq üçün Qrenlandiyaya NATO missiyası yerləşdirmək təklifinə razı olmazsa, onlar tətbiq oluna bilər.

Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşməsinin vacibliyini bildirib. O, birinci prezidentliyi dövründə Qrenlandiyanı satın almağı təklif edib və 2025-ci ilin mart ayında onun ilhaq oluna biləcəyinə əminliyini bildirib. Danimarkanın Baş naziri Mette Frederiksen iddiaları rədd edərək, adanın krallığın bir hissəsi olduğunu vurğulayıb.

Xəbər lenti