Belçikanın müdafiə naziri Teo Franken həmvətənlərini dronlar və süni intellekt texnologiyalarından istifadə edərək müharibəyə hazırlaşmağa çağırıb.
"Report"un məlumatına görə, o, bu barədə "Libre" qəzetinə müsahibəsində deyib.
T.Franken həmçinin Belçika Ordusunun yüksək texnologiyalı döyüşə hazır olmamasına da diqqət çəkib.
"Biz gələcəyin müharibəsinə hazır olmalıyıq. Məlumatların (hərbi əməliyyatların aparılması) inteqrasiyası, dronların, robotların, süni intellekt və kvant kompüterlərinin istifadəsi. Biz indi buna hazır deyilik", - nazir deyib.
T.Franken Baş nazir Bart De Veverin rəhbərlik etdiyi flamand millətçilərinin NVA partiyasının üzvüdür. Partiya Belçikanın NATO daxilində artan rolunu, Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlığı, Belçika iqtisadiyyatının militarizasiyasını və universal hərbi çağırışın tədricən tətbiqini fəal şəkildə dəstəkləyir.