ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) yanvarın 10-da Suriyada İŞİD terror qruplaşmasının hədəflərinə zərbələrin endirildiyini təsdiqləyib.
"Report"un məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində bildirib.
"Bu gün, təxminən saat 12:30-da (Bakı vaxtı ilə yanvarın 10-da saat 21:30-da), CENTCOM qüvvələri tərəfdaş qüvvələrlə birlikdə Suriyada İŞİD-lə əlaqəli bir çox hədəfə genişmiqyaslı zərbələr endirib. Bu zərbələr, 13 dekabr 2025-ci ildə Palmirada Birləşmiş Ştatların qüvvələrinə qarşı İŞİD hücumuna cavab olaraq ABŞ Prezidenti Donald Trampın göstərişi ilə 19 dekabr 2025-ci ildə başlamış "Hawkeye Strike" əməliyyatının bir hissəsidir", - paylaşımda qeyd olunur.
Daha əvvəl bildirilib ki, ABŞ Suriyada İŞİD terror qruplaşmasının hədəflərinə hava zərbələri endirib. Bu barədə "Fox News" məlumat yayıb. "19 dekabr 2025-ci ildən bəri ikinci dəfədir ki, ABŞ Silahlı Qüvvələri iki Milli Qvardiya əsgərinin və bir tərcüməçinin öldürülməsinə qisas olaraq Suriyada İŞİD-ə qarşı hava hücumları həyata keçirir", - aparıcı efirdə bildirib.