Slovakiya və ABŞ yanvarın 16-da atom energetikası sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlar.
"Report"un TK agentliyinə istinadən məlumatına görə, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso bildirib.
Bildirilir ki, Bratislava Vaşinqtonun köməyi ilə ölkədə fəaliyyət göstərən AES-lərin şəbəkəsini genişləndirməyi planlaşdırır.
Slovakiya KİV daha əvvəl xəbər verib ki, ölkə rəhbərliyi qərbdə, Yaslovske-Boqunitse qəsəbəsi yaxınlığında yerləşən "Boqunitse" AES-də gücü 1 000 meqavat olan yeni enerji blokunun tikintisini həyata keçirməyi nəzərdə tutur. Bu enerji bloku Slovakiya dövlətinin mülkiyyətində olacaq. Onun inşası ilə bağlı danışıqlar ABŞ-nin "Westinghouse" şirkəti ilə aparılır.
Hazırda Slovakiyada iki AES fəaliyyət göstərir: - "Boqunitse" və "Moxovtse".