Bu gün Azərbaycan təkcə karbohidrogen resurslarının ixracatçısı kimi deyil, eyni zamanda bərpa olunan enerji sahəsində yeni qlobal gündəm formalaşdıran ölkə kimi çıxış edir. Günəş, külək və perspektivli hidrogen layihələrinin inkişafını hədəfləyən "yaşıl keçid" strategiyası ölkənin enerji siyasətində keyfiyyətcə yeni mərhələnin başlandığını göstərir. Bu kontekstdə Azərbaycan həm regional, həm də qlobal miqyasda "yaşıl transformasiya"nın fəal iştirakçılarından birinə çevrilir. Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti tərəfindən inşa edilən 240 MVt gücündə "Xızı–Abşeron" Külək Elektrik Stansiyası isə son illərdə ölkənin "yaşıl enerji" sahəsində əldə etdiyi nailiyyətlərin simvoluna çevrilib.
Balanslaşdırılmış enerji strategiyası
Bu gün qlobal enerji sistemi sürətlə dəyişən bir mərhələyə qədəm qoyub. İqlim dəyişikliyi, karbon emissiyalarının azaldılması ilə bağlı beynəlxalq öhdəliklər enerji keçidini dünya gündəminin əsas mövzularından birinə çevirib. Aşağı karbonlu gələcəyə aparan bu transformasiya ekoloji məsuliyyətlə yanaşı, eyni zamanda iqtisadi inkişafın və uzunmüddətli enerji təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir. Bu baxımdan ənənəvi karbohidrogen istehsalçısı olan ölkələr də yeni reallıqlara uyğunlaşmaq zərurəti ilə üz-üzədir.
Azərbaycan bu prosesi vaxtında dəyərləndirən ölkələr sırasındadır. Prezident İlham Əliyev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində vurğulayıb ki, ölkədə enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilib: "Demək olar ki, son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir. Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək".
Mövcud reallıqları nəzərə alaraq Azərbaycan balanslaşdırılmış enerji strategiyası formalaşdırıb. Ölkə bir tərəfdən karbohidrogen potensialını qoruyur, digər tərəfdən isə bərpa olunan enerji mənbələrinin sürətli inkişafını təmin etməklə enerji təhlükəsizliyi ilə dekarbonizasiya prosesini paralel şəkildə həyata keçirir. Bu yanaşma "yaşıl yenidənqurma"nın milli enerji sisteminə mərhələli və nəzarətli şəkildə inteqrasiyasını mümkün edir.
Bu gün Azərbaycan üçün enerji təhlükəsizliyi və iqlim dayanıqlılığı strateji prioritetlərə çevrilib. Məhz buna görə də ölkə elektrik enerjisi istehsalında etibarlılığı qorumaqla yanaşı, bərpa olunan mənbələrin payının artırılmasına əsaslanan keçid modelini tətbiq edir. Bu modelin əsas məqsədi iqtisadi sabitliyi pozmadan enerji balansını şaxələndirmək və Azərbaycanın enerji xəritəsində "yaşıl gələcək" üçün möhkəm təməl formalaşdırmaqdır.
"Yaşıl enerji"də iddialı hədəflər
Azərbaycan artıq uzun illərdir elektrik enerjisi ixracatçısı kimi də mövqeyini möhkəmləndirib. 2007-ci ildən xalis elektrik enerjisi ixrac edən ölkə son illərdə generasiya güclərinin modernləşdirilməsi və ötürücü şəbəkənin gücləndirilməsi hesabına bu statusunu daha da gücləndirib. Təsadüfi deyil ki, 2023-cü ildə Azərbaycanda elektrik enerjisi istehsalı 29,3 milyard kilovat/saata çatıb ki, bu da son on ildə 25,5 % artım deməkdir. Sözügedən artım əsasən yeni istehsal güclərinin istismara verilməsi və mövcud stansiyaların səmərəliliyinin yüksəldilməsi hesabına təmin olunub.
Enerji sektorunda struktur dəyişikliklərinin təməli hələ 2016-cı ildə qəbul edilən Strateji Yol Xəritəsi ilə qoyulub. Sənəddə enerji mənbələrinin şaxələndirilməsi və bərpa olunan enerjinin inkişafı əsas strateji hədəflər kimi müəyyən edilib. Bu gün Azərbaycanın quru ərazilərində bərpa olunan enerji mənbələrinin texniki potensialı 135 giqavat, Xəzər dənizində isə 157 giqavat həcmində qiymətləndirilir. Bu rəqəmlər ölkənin daxili tələbatı ilə yanaşı, eyni zamanda regional enerji bazarlarını da təmin etmək gücündə olduğunu aydın şəkildə göstərir.
Məhz bu potensiala əsaslanaraq Azərbaycan qarşısına 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payını təxminən 40 %-ə çatdırmaq kimi iddialı, lakin real hədəf qoyub. Son beş ildə bu istiqamətdə konkret nəticələr əldə olunub. 2023-cü ildə istismara verilən 230 meqavat gücündə "Qaradağ" Günəş Elektrik Stansiyası Xəzər regionunda ən iri günəş enerjisi obyekti olmaqla yanaşı, karbon emissiyalarının azaldılması baxımından da əhəmiyyətli töhfə verib.
"Yaşıl tərəfdaşlıq"
Azərbaycanın "yaşıl enerji" strategiyası yalnız daxili imkanlarla məhdudlaşmır. 2027-ci ilə qədər ölkədə ümumi gücü 1,7 giqavatdan artıq olan daha yeddi iri günəş və külək stansiyasının istifadəyə verilməsi planlaşdırılır. 2032-ci ildən sonra isə Azərbaycan "yaşıl enerji"nin ixrac mərhələsinə keçməyi hədəfləyir. Bu məqsədlə tərəfdaş ölkələrlə əməkdaşlıq genişləndirilir, regional və qlobal enerji bazarlarına inteqrasiya dərinləşdirilir.
Xəzər-Qara dəniz-Avropa, Mərkəzi Asiya-Azərbaycan-Avropa və Azərbaycan-Türkiyə-Avropa "yaşıl enerji dəhlizləri" ölkənin Avropa və region üçün etibarlı təmiz enerji təchizatçısına çevrilməsi perspektivini gücləndirir. Ümumilikdə, 2040-cı ilə qədər "yaşıl enerji" ixracının həcmini 4 giqavata çatdırmaq planlaşdırılır ki, bu da miqyas baxımından iri beynəlxalq proqramlarla müqayisə oluna biləcək səviyyədir.
Bu strategiyanın mühüm dayaqlarından biri beynəlxalq tərəfdaşlıqdır. Azərbaycan "yaşıl energetika" sahəsini "ACWA Power", "Masdar", "TotalEnergies", "Sungrow" kimi qlobal enerji nəhəngləri ilə birgə inkişaf etdirir. Prezident İlham Əliyevin "Xızı–Abşeron" Külək Elektrik Stansiyasının açılış mərasimində qeyd etdiyi kimi, "ACWA Power" tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyasıdır, ancaq sonuncu deyil.
"Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir. Onu da bildirməliyəm ki, "ACWA Power" şirkəti bu sahədə dünyada aparıcı şirkətlərdən biridir və eyni zamanda, Azərbaycan qurumları ilə əməkdaşlıq əsasında yeni layihələrin icra edilməsində maraqlıdır. O cümlədən ölkəmizdə ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini də yenə də bu şirkət investor kimi icra edəcəkdir.
Bu stansiyanın tikintisində baş podratçı kimi iştirak edən "Power China" şirkətinin fəaliyyətini qeyd etməliyəm. Bu şirkət bu layihədə podratçı kimi iştirak edir, ancaq digər layihələrdə, o cümlədən investor kimi iştirak edəcək. Əminəm ki, bu şirkətin nəzərdə tutduğu bütün planları Azərbaycanda həyata keçəcəkdir", - dövlət başçısı vurğulayıb.
Bununla yanaşı, "Masdar" şirkəti tərəfindən tikintisi davam etdirilən 445 meqavat gücündə Biləsuvar və 315 meqavat gücündə Neftçala Günəş Elektrik Stansiyalarının 2027-ci ildə istismara verilməsi nəzərdə tutulur. Cəbrayıl rayonunda BP tərəfindən inşa edilən 240 meqavatlıq "Şəfəq" Günəş Elektrik Stansiyası isə işğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş layihəsi kimi xüsusi strateji əhəmiyyət daşıyır.
Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "yaşıl enerji zonası" konsepsiyası çərçivəsində su və günəş enerjisi layihələri genişləndirilir. Hazırda bu ərazilərdə ümumi gücü 270 meqavat olan 32 su elektrik stansiyası fəaliyyət göstərir. Perspektivdə isə əlavə güclərin hesabına bu göstəricinin 500 meqavata çatdırılması planlaşdırılır. Alternativ enerji layihələri işğaldan azad edilmiş ərazilərin dayanıqlı və ekoloji əsaslı bərpasında mühüm rol oynayır.
Bərpa olunan enerji sahəsində sürətli artım
Qeyri-neft-qaz enerjisi sahəsində əldə olunan irəliləyişlər statistik göstəricilərdə də öz əksini tapır. Son beş ildə su elektrik stansiyalarında elektrik enerjisi istehsalı 2,8 dəfə, günəş enerjisi üzrə istehsal isə 12,6 dəfə artıb. Bu dinamika bərpa olunan enerjinin artıq alternativ deyil, milli enerji sisteminin ayrılmaz tərkib hissəsinə çevrildiyini göstərir.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində vurğuladığı kimi, Azərbaycanın təkcə külək enerjisi potensialı 150 giqavatdan çoxdur. Dövlət başçısı bildirib ki, dənizdə və quruda, o cümlədən azad edilmiş ərazilərdə günəş və külək stansiyalarının xəritəsi təsdiqlənib və əsas çağırış bu həcmlərin enerji sisteminə təhlükəsiz inteqrasiyasıdır. Mövcud planlara əsasən, 2030-cu ilə qədər 6 000 meqavat, 2032-ci ilə qədər isə 8 000 meqavat bərpa olunan enerji gücü sistemə qoşulacaq.
Bu məqsədlə ötürücü şəbəkələrin genişləndirilməsi və batareya enerji saxlanc sistemlərinin qurulması paralel şəkildə həyata keçirilir. Hazırda 250 meqavatlıq ilkin batareya gücləri quraşdırılır, uzunmüddətli perspektivdə isə Azərbaycanın enerji sisteminin 20-40 giqavat həcmində bərpa olunan enerjini qəbul edib ötürə bilməsi hədəflənir.
Bir sözlə, Azərbaycan bərpa olunan enerji sahəsində ardıcıl və mərhələli inkişaf modeli formalaşdıraraq enerji təhlükəsizliyi ilə iqlim hədəflərini uzlaşdıran ölkələr sırasında ön mövqeyə çıxır. Karbohidrogen resurslarından əldə edilən iqtisadi potensial qorunmaqla yanaşı, "yaşıl enerji" layihələri ölkənin enerji balansını daha dayanıqlı, çevik və gələcəyə hesablanmış edir. İnfrastrukturun modernləşdirilməsi, ötürücü şəbəkələrin gücləndirilməsi, saxlanc texnologiyalarının tətbiqi və beynəlxalq tərəfdaşlıqlar Azərbaycanın "yaşıl enerji" strategiyasını sistemli və uzunmüddətli bir xəttə çevirir. Nəticədə Azərbaycan enerji transformasiyasını iqtisadi inkişaf, iqlim dayanıqlılığı və geosiyasi reallıqlar arasında tarazlıq yaradan nümunəvi model kimi təqdim edir.







