IMG-LOGO

Venesuelada neft hasilatının bərpası üçün 183 milyard dollar investisiya tələb olunacaq

06 Jan 2026 14:00 4 baxış
IMG

Venesuela neft hasilatını 1990-cı illərin sonunda müşahidə olunan səviyyələrə qədər bərpa edə bilər, lakin bunun üçün vaxt və böyük məbləğdə sərmayə tələb olunacaq.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu "Rystad Energy" şirkətinin analitikləri bildirib.

Qeyd olunub ki, hazırda dünyada ən böyük neft ehtiyatlarına malik olan Venesuelada gündəlik təxminən 1,1 milyon barel neft hasil edilir. "Rystad"ın hesabatında deyilir ki, ölkə növbəti 15 il ərzində bu hasilat həcmini saxlamaq üçün neft kəşfiyyatı və hasilatına, həmçinin müvafiq infrastruktura təxminən 53 milyard ABŞ dolları investisiya qoymalıdır.

Ölkədə hasilat böyük xərclər olmadan yaxın iki-üç ildə gündəlik 300 min barel arta bilər, lakin sonrakı artım üçün ildə təxminən 8-9 milyard ABŞ dolları sərmayə tələb olunacaq. Belə olan halda neft hasilatı göstəriciləri 2032-ci ilədək gündəlik 2 milyon barelə, 2040-cı ilədək isə 3 milyon barelə çata bilər.

"Rystad"ın ekspertləri 2040-cı ilə qədər gündəlik hasilatın 3 milyon barelə çatdırılması üçün lazım olan ümumi kapital qoyuluşunu 183 milyard dollar məbləğində qiymətləndirirlər. Bu məbləğin bir hissəsini PDVSA dövlət enerji şirkəti təmin edə bilər, lakin neft sənayesinin sabit şəkildə bərpası üçün ölkəyə təkcə yaxın iki-üç ildə ən azı 30-35 milyard dollar xarici investisiya lazım olacaq.

Bununla belə, "Rystad"ın dekabr ayında açıqlanmış baza ssenarisinə əsasən, davam edən sanksiyalar və dəniz blokadası Venesuelada neft hasilatının 2040-cı ilə qədər gündəlik tədricən 700 min barelə qədər azalmasına səbəb olacaq.

Xəbər lenti