IMG-LOGO

Venesuelanın BMT-dəki nümayəndəsi: ABŞ təbii sərvətlərimizə görə bizə hücum edir

05 Jan 2026 23:32 6 baxış
IMG

ABŞ-nin Venesuelaya qarşı hərbi müdaxiləsi qanunsuzdur, hücumların hədəfi təbii sərvətlərimizdir.

"Report"un ABŞ bürosu xəbər verir ki, bunu Venesuelanın BMT yanında daimi nümayəndəsi Samuel Moncada BMT Təhlükəsizlik Şurasında çıxışında deyib.

Moncada 3 yanvar tarixinin təkcə Venesuela üçün deyil, bütün beynəlxalq sistem baxımından mühüm əhəmiyyət daşıdığını deyib.

Onun sözlərinə görə, həmin gün baş verənlər BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır: "Venesuela heç bir hüquqi əsas olmadan ABŞ tərəfindən silahlı hücuma məruz qalıb. Hazırda təkcə Venesuelanın suverenliyi deyil, beynəlxalq hüququn etibarlılığı, BMT-nin nüfuzu və heç bir dövlətin özünü dünya nizamının hakimi kimi təqdim edə bilməyəcəyi prinsipi də təhlükə altındadır".

Diplomat Venesuelanın neft ehtiyatlarının, strateji resurslarının və geosiyasi mövqeyinin tarix boyu xarici müdaxilələrin və maraqların hədəfi olduğunu bildirib.

S.Moncada BMT Təhlükəsizlik Şurasını təşkilatın Nizamnaməsinə uyğun şəkildə hərəkət etməyə çağırıb. O, eyni zamanda ABŞ-dən Nikolas Maduro və həyat yoldaşı Cilia Floresin dərhal azad olunmasını və ölkələrinə təhlükəsiz şəkildə qaytarılmasını tələb edib.

Xatırladaq ki, 2025-ci ilin noyabrında ABŞ Prezidenti Donald Tramp Venesuelada Mərkəzi Kəşfiyyat İdarəsinin gizli əməliyyatlarının aparılmasına sanksiya vermişdi. Bir neçə aylıq hazırlıqdan sonra 2026-cı il yanvarın 3-nə keçən gecə ABŞ xüsusi təyinatlıları Maduronu və həyat yoldaşı Siliya Floresi Karakasdakı Fuerte-Tiuna kompleksində saxlayıb. Onlar ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə evakuasiya edilərək narkoterrorizm ittihamları üzrə məhkəmə üçün Nyu-Yorka gətirilib.

Xəbər lenti