IMG-LOGO

2025-ci ildə xarici siyasət: tarixi nəticələr və yeni başlanğıclar

01 Jan 2026 11:03 4 baxış
IMG

Başa çatan il Azərbaycanın xarici siyasəti üçün uğurlu hesab oluna bilər. Bu il Prezident İlham Əliyevin rəhbərliyi altında fəal xarici siyasət fəaliyyətinin əhəmiyyətli nəticələri ilə yadda qaldı. Xarici siyasət kursunun fərqləndirici xüsusiyyəti əməkdaşlıq coğrafiyasının genişlənməsi olub. Təkcə Xarici İşlər Nazirliyi (XİN) xətti ilə bu il 52 ölkə ilə siyasi məsləhətləşmələr keçirilib. Bundan əlavə, Azərbaycan 41 ölkə ilə 191 sənəd imzalayaraq regional lider və beynəlxalq münasibətlərin əhəmiyyətli aktoru rolunu möhkəmləndirib. 2025-ci ildə xarici siyasətdə əldə olunan əsas nəticələri və nailiyyətləri təhlil edək.

Azərbaycan-Ermənistan: sülhə doğru çətin yol

İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra Azərbaycan Ermənistanla sülh prosesini başlatdı və sülh prosesinin bağlanması üçün beş əsas prinsip irəli sürdü. 2025-ci ildə Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində bir sıra mühüm hadisələr baş verdi.

Bakı və İrəvan 2025-ci ilin mart ayında ikitərəfli münasibətlərin normallaşdırılması üzrə sazişin razılaşdırılmasının başa çatdığını elan edib. 17 maddədən ibarət olan bu sənəd avqustun 8-də Vaşinqtonda keçirilən tarixi Azərbaycan-ABŞ-Ermənistan sammitində xarici işlər nazirləri tərəfindən paraflanıb. Burada iki ölkənin liderləri regionda münasibətlərin normallaşdırılması və kommunikasiyaların açılması çərçivəsində addımları nəzərdə tutan 7 bənddən ibarət Birgə Bəyannamə imzalayıblar. Bu bəndlər Ermənistan ərazisi vasitəsilə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi, "Tramp Marşrutu" (TRIPP) layihəsinin işə salınması, ATƏT-in Minsk qrupunun ləğvi və digər məsələləri əhatə edir. Bununla belə, Bakı və İrəvan sülh sazişi üzərində işləri yekunlaşdırıb və indi tərəflərin bu sənədi imzalaması qalır.

Məlum olduğu kimi, sülh sazişinin imzalanması üçün Azərbaycan Ermənistana iki şərt irəli sürüb. Bunlar ATƏT-in Minsk qrupunun ləğvi, Ermənistan konstitusiyasında mövcud olan ərazi iddialarının aradan qaldırılmasıdır. İrəvan bir neçə il Minsk qrupu ilə bağlı şərti yerinə yetirməkdən boyun qaçırıb. Hətta Ermənistan hökuməti öz hərəkətlərini Minsk qrupunun saxlanılmasının İrəvan üçün bir növ sığorta və müdafiə olması kimi absurd səbəblərlə əsaslandırırdı. Bakı isə real vəziyyətdən çıxış edirdi - Qarabağ münaqişəsi yoxdur, deməli, 1992-ci ildə bu münaqişənin həlli üçün yaradılmış Minsk qrupu da olmamalıdır. Nəticədə Ermənistanda Azərbaycanın arqumentlərinin əsaslı olduğunu qəbul etməli oldular və avqustun 8-də tərəflər bu faydasız qrupun ləğvi mexanizmini işə saldılar. Proses 2025-ci il dekabrın 1-də başa çatdı.

Hazırda İrəvanın sülh müqaviləsinin imzalanması üçün son maneə onun Azərbaycana qarşı ərazi iddialarını konstitusiyasından çıxarmaq qalıb. Bunu Azərbaycan XİN başçısı Ceyhun Bayramov da ilin yekunlarına həsr olunmuş 26 dekabr tarixli mətbuat konfransında təsdiqləyib. Onun sözlərinə görə, Ermənistanda bunu necə edəcəkləri (mövcud konstitusiyaya dəyişiklik etməklə və ya yeni əsas qanunun qəbulu yolu ilə) Bakı üçün prinsipial deyil. Beləliklə, indi top İrəvanın tərəfindədir - Ermənistanda bu bəndi konstitusiyadan nə qədər tez çıxarsalar, sülh sazişi də bir o qədər tez imzalanacaq.

Bundan əlavə, Azərbaycan Ermənistandan TRIPP layihəsi üzrə öhdəliklərini yerinə yetirəcəyini, 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatının 9-cu bəndindəki kimi boyun qaçırmayacağını gözləyir. Ermənistan TRIPP üzrə tikinti işlərinə gələn ilin ikinci yarısında başlamağı vəd edir.

Bununla belə, bu gün Azərbaycanla Ermənistan arasında de-fakto sülh var. Bu isə iqtisadi əməkdaşlığa keçməyə imkan verib. Azərbaycan Prezidenti İlham Əliyev oktyabr ayında Azərbaycan ərazisindən Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını elan edib. Nəticədə, noyabr ayında Ermənistan bu marşrut vasitəsilə Qazaxıstan və Rusiyadan buğda yükləri alıb. Dekabrda isə Ermənistan Azərbaycandan ilk neft məhsulları yükü tədarük edib. Bununla yanaşı, Ermənistanda artıq Azərbaycanla daha sıx iqtisadi əməkdaşlığa ümid edildiyi bəyan edilib. Eyni zamanda, İrəvan öz məhsullarını Azərbaycana göndərmək istəyini ifadə edir. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Ermənistanla ticarət əməliyyatlarının genişləndirilməsi imkanını mümkün hesab edib. Lakin bunun üçün Ermənistan götürdüyü siyasi öhdəliklərin yerinə yetirilməsi istiqamətində real addımlar atmalıdır.

Ermənistanda başa düşülməlidir ki, cari iqtisadi əməkdaşlıq bir növ avansdır. Əgər İrəvanda sülh sazişinin imzalanması üçün şəraitin yaradılmasını yubatsalar, gələcək iqtisadi əməkdaşlığı da şübhə altına qoymuş olacaqlar. Ermənistanda tranzit dövlətə çevrilməyi istəyənlər çoxdur, ancaq unudulmamalıdır ki, belə istəklər real hərəkətlərlə təsdiqlənməlidir. Bu, Azərbaycanla ticarətə, "Tramp Marşrutu"nun (TRIPP) fəaliyyətinin effektivliyinə, kommunikasiyaların açılmasına və bir çox digər məsələlərə aiddir. Bakı İrəvanla münasibətlərində həmişə realist olub və heç vaxt vədlərə və bəyanatlara inanmayıb, yalnız konkret addımlara istiqamətlənib.

Bu gün sülh sazişinin 2026-cı ildə imzalana biləcəyinə dair müəyyən gözləntilər var. Hər halda, Bakıda bu imkan barədə ehtiyatlı nikbinliklə danışırlar. Əlbəttə, bir çox şey 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrindən asılı olacaq. Əgər Nikol Paşinyan və onun komandası yenidən parlament çoxluğunu əldə etsə, bu sülh prosesinin yekunlaşmasına müsbət təsir göstərə bilər. Əgər N.Paşinyan hakimiyyəti revanşistlərlə bölüşməli olsa, bu artıq tamamilə başqa bir hekayədir. Beləliklə, 2025-ci ildə Bakı və İrəvan arasında sülh prosesində nəzərəçarpacaq irəliləyiş müşahidə edilsə də, növbəti ildə bu prosesi ləngidə biləcək bir neçə "əmma" qalmaqdadır.

Azərbaycan-ABŞ: münasibətlərdə intibah

Azərbaycan-ABŞ münasibətləri bu gün ən əlverişli dövrlərdən birini yaşayır. Ağ Evdə hakimiyyətin dəyişməsi və Prezident Donald Trampın hakimiyyətə qayıtması, 2021-2024-cü illərdə Bayden-Blinken tandemi dövründə Bakı və Vaşinqton arasındakı münasibətlərdə mövcud olan anlaşılmazlıqları və problemləri aradan qaldırmağa imkan verib. 2025-ci ildə Prezident İlham Əliyev və Donald Tramp bir neçə dəfə əlaqə saxlayıblar, avqustun 8-də Ağ Evdə tarixi görüş keçiriblər. İki ölkənin liderləri arasında ikitərəfli və beynəlxalq məsələlər üzrə tam qarşılıqlı anlaşma var. Vaşinqtondakı görüşdən sonra iki ölkənin hökumət qurumları arasında əlaqələrin sayı kəskin şəkildə artıb, belə intensivlik əvvəllər olmayıb.

Bu gün Bakı və Vaşinqton artıq 2026-cı ildə imzalana biləcək Strateji Tərəfdaşlıq Xartiyasını müzakirə edir. Azərbaycanın XİN başçısı vurğulayıb ki, hazırda Xartiya layihəsi üzrə fəal məsləhətləşmələr aparılır və dövlət başçılarına təqdim ediləcək sənədin mətninin yekunlaşmasına yaxınlaşıblar.

Bundan əlavə, ABŞ müdafiə sahəsində Azərbaycanla əməkdaşlıq üzrə məhdudiyyətləri aradan qaldırıb ki, bu da ölkələr qarşısında yeni imkanlar açır. Gündəlikdə, həmçinin ölkələrin qarşılıqlı fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdıran ədalətsiz 907-ci düzəlişin tam ləğv edilməsi məsələsi durur. ABŞ Konqresində artıq bu məsələ ilə bağlı təkliflər təqdim olunub və amerikalı qanunvericilərin Trampın Azərbaycanla münasibətlərin inkişafı ilə bağlı planlarını dəstəkləyəcəyi gözlənilir.

Beləliklə, 2025-ci il ABŞ ilə münasibətlərdə dönüş ili olub, artıq indi keyfiyyətcə yeni səviyyəyə çıxıb. Bu, təkcə siyasi aspektlərə deyil, həm də iqtisadiyyatda qarşılıqlı fəaliyyətə aiddir. Azərbaycan hökuməti hesab edir ki, növbəti illərdə Bakı və Vaşinqton arasında münasibətlərdə müsbət dinamika qorunacaq və ikitərəfli əməkdaşlıq baxımından əlavə nailiyyətlər əldə ediləcək.

Azərbaycan-Çin: strateji tərəfdaşlıq

Çin Azərbaycanın 2025-ci ildə ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyi daha bir qlobal oyunçudur. Bu gün Bakı və Pekin strateji tərəfdaşlardır. Az sayda ölkə Çinlə bu səviyyədə münasibətlərlə öyünə bilər.

Azərbaycan Prezidenti aprel ayında Çinə dövlət səfəri edib. Bu səfər çərçivəsində iki ölkənin liderləri strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün addımları müzakirə ediblər. Avqustun sonu, sentyabrın əvvəlində Prezident İlham Əliyev Çin Sədri Si Cinpinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatanın sammitində iştirak etmək üçün yenidən bu ölkəyə səfər edib. Bundan əlavə, 2025-ci ilin iyul ayından iki ölkə arasında turist axınını və biznes əlaqələrini genişləndirmək məqsədilə vizasız rejim qüvvəyə minib.

Bakı ilə Pekin siyasi və iqtisadi qarşılıqlı fəaliyyətin ambisiyalı gündəliyinə malik olub. İlham Əliyev və Si Cinpin arasında formalaşmış yaxşı münasibətlər bu planların həyata keçirilməsi üçün möhkəm təməl yaradır. Çin Azərbaycanın əsas xarici ticarət tərəfdaşları arasında ilk beşlikdə yer alır. Bununla yanaşı, 11 ay ərzində qarşılıqlı ticarət dövriyyəsi 4,2 milyard ABŞ dollarını keçib.

Beləliklə, Azərbaycan və Çin 2025-ci ildə ikitərəfli əlaqələri möhkəmləndirməyi davam etdirib və əminliklə qeyd etmək olar ki, 2026-cı ildə bu münasibətlər ardıcıl inkişaf edəcək.

Türk dünyası: ortaq köklərdən ortaq maraqlara doğru

Türk dünyası ölkələri ilə münasibətlər həmişə Azərbaycanın xarici siyasətində vacib istiqamət olub. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə xarici siyasətə dair addımların gücləndiyini müşahidə edirik. Bu təkcə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində deyil, həm də daha geniş coğrafiyada - Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti əhatə edir.

TDT çərçivəsində Azərbaycan mövcud regional və qlobal çağırışları nəzərə alaraq ölkələr arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yönəlmiş təşəbbüslərlə çıxış edir. Bu, müdafiə sahəsini, müdafiə sənayesini, iqtisadi əməkdaşlığı və nəqliyyat-logistika sektorunun inkişafını əhatə edir. Bütün bu təşəbbüslər TDT-nin özünü də gücləndirməsinə, onu nüfuzlu regional təşkilata çevirməyə imkan verəcək.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə ayrıca diqqət yetirmək lazımdır. Mərkəzi Asiya ölkələri ilə münasibətlər onun üçün xüsusi xarakter daşıyır. Bakı bu regiondan olan tərəfdaşlarla həm ikitərəfli əsasda, həm də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, qarşılıqlı təşəbbüsləri dəstəkləyir, qlobal və regional problemlərin həllinə dair ümumi yanaşmalar işləyib hazırlayır.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur. Bu təkcə siyasi aspektlərə deyil, həm də iqtisadi aspektlərə aiddir. Burada xüsusi diqqət son üç ildə daha geniş əhəmiyyət kəsb edən tranzit-logistika layihələrinə yetirilir. Bunlardan biri Orta Dəhlizdir.

Noyabr ayında Mərkəzi Asiya ölkələri Azərbaycanla münasibətlərin səviyyəsini yüksəltmək qərarına gəlib. Daşkənddə keçirilən sammitdə "Mərkəzi Asiya beşliyi"nin liderləri Azərbaycanın məşvərət görüşləri formatına tamhüquqlu üzv kimi qoşulması təşəbbüsünə dəstək ifadə ediblər. Onlar qeyd ediblər ki, bu, region üçün, xüsusilə logistika və energetika sahələrində yeni imkanlar və geniş əməkdaşlıq üfüqləri açacaq. Beləliklə, Azərbaycan və Mərkəzi Asiya ölkələri "altılar ittifaqı" və ya C6-nı formalaşdırır. Növbəti illərdə TDT ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olaraq qalacaq.

Azərbaycan-Aİ: iki addım irəli, bir addım geri

Son illərdə Azərbaycan-Aİ münasibətlərində müəyyən durğunluq müşahidə olunurdu və bu, Avropa Komissiyasında (AK) xarici siyasətə görə məsul olan bəzi şəxslərin qərəzli mövqeyi ilə bağlı idi. Ötən ilin sonunda AK-da yeni komanda formalaşdırıldı. Xarici siyasi kurs estoniyalı Kaya Kallasa həvalə edildi, Azərbaycan ərazisində erməni separatizmini qızğın şəkildə dəstəkləyən kataloniyalı Josep Borrell isə istefa verdi. Nəticədə demək olar ki, 2025-ci il ərzində Brüssel Bakı ilə daha konstruktiv əməkdaşlığa hazır olduğunu və köhnə komandanın dövründə mövcud olan problemləri aradan qaldırmaq niyyətini əks etdirən müsbət siqnallar göndərirdi. Bunun nəticəsi olaraq Azərbaycan və Aİ yenidən strateji tərəfdaşlıq haqqında sazişlə bağlı danışıqların bərpası, nəqliyyat layihələrinin həyata keçirilməsi, Orta Dəhlizin inkişafı barədə müzakirələrə başladılar.

Lakin Aİ götürdüyü kursu axıra qədər davam etdirməyi həmişə bacarmır. Köhnə vərdişlərinə qayıdan Avropa İttifaqı Bakı ilə münasibətlərə yenidən xələl gətirə biləcək addımlar atdı. Söhbət Aİ və Ermənistanın 2 dekabr tarixində imzaladığı "Strateji tərəfdaşlıq gündəliyi"ndən gedir. Bu sənəddə Cənubi Qafqazda sülh prosesinə mane ola biləcək bəndlər var, eləcə də regionda son illərdə baş verən proseslər təhrif olunur. Aİ bu addımları ilə Azərbaycanla münasibətləri korlayır və bununla da özünə ziyan vurur. Bundan əlavə, Bakı Aİ-nin Ermənistana və Azərbaycana bərabər maliyyə dəstəyi göstərməsini istəyir. Bu gün bu istiqamətdə Ermənistanın xeyrinə ciddi mütənasibsizlik var və Azərbaycan bunun aradan qaldırılmasında israr edir.

Beləliklə, Azərbaycanla Aİ arasında 2025-ci ildəki münasibətləri "iki addım irəli, bir addım geri" kimi səciyyələndirmək olar. Növbəti ildə hadisələrin necə inkişaf edəcəyi isə daha çox Brüsselə ünvanlanmalı olan sualdır. Aİ çoxdan başa düşməli idi ki, Azərbaycanla münasibətlərdə qarşıdurma heç bir yaxşı nəticə verməyəcək. Bu, təkcə birliyin özünə deyil, eyni zamanda onun ayrı-ayrı üzvlərinə, məsələn, Fransa və Niderlanda da aiddir. Bu iki ölkə əvvəlki illərdə Azərbaycana qarşı aqressiv siyasət yürüdüb, ölkəmizdə və dünyanın digər regionlarında separatizmin qiymətləndirilməsində ikili standartlar tətbiq edib. Lakin Azərbaycanın hərəkətləri və Bakının regionda başlatdığı aktiv sülh prosesi Fransanı və Niderlandı öz mövqelərini dəyişməyə məcbur etdi. 2025-ci ildə hər iki ölkə Bakıdakı səfirlərini dəyişdirib və bu, onların Azərbaycana münasibətdə siyasətinin dəyişəcəyinə, ikili standartlardan və qeyri-konstruktiv mövqedən əl çəkəcəklərinə dair müəyyən nikbinlik verir.

Azərbaycan-Rusiya: münasibətlərin gərginləşməsi

Rusiyanın hava hücumundan müdafiə vasitələrinin 2024-cü ilin dekabrında Qroznı üzərində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus mülki təyyarəni vurması 2025-ci ildə Bakı-Moskva münasibətlərində böhranla nəticələndi. 38 nəfərin həlak olduğu bu faciəli hadisə ilə əlaqədar olaraq Azərbaycan Rusiyadan beynəlxalq hüquqla nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini tələb etdi: günahın etiraf edilməsi, təqsirkarların cəzalandırılması və kompensasiyanın ödənilməsi. Lakin Rusiya tərəfi heç də adekvat davranmayaraq hadisəyə görə məsuliyyətdən yayınmağa, təzminatın ödənilməsini və təqsirkarların cəzalandırılmasını gecikdirməyə başladı.

İkitərəfli münasibətlərdə gərginlik Rusiya güc strukturlarının yayda Azərbaycan diaspor təşkilatlarının rəhbərlərinə və onların yaxın qohumlarına qarşı həbs və təzyiq "kampaniyası"nı başlatması səbəbindən daha da artdı. Bütün bu hərəkətlər azərbaycanlılara qarşı əsassız zorakılıqla müşayiət olunur və "cinayətkarlıq"la mübarizə kimi təqdim edilirdi.

Rusiya rəhbərliyi Azərbaycanla münasibətlərdəki gərginliyi "emosiyalar böhranı" hesab edir, əslində isə vəziyyət daha ciddidir. Rusiyanın regiondakı siyasəti dəyişməz olaraq qalır, bu günün reallıqlarını nəzərə almır. Moskva tez-tez qonşu ölkələrlə tərəfdaşlıq münasibətlərinin qurulmasında maraqlı olduğunu deyir. Lakin bu, elə söz olaraq da qalır. Rusiya qonşuları ilə münasibətlərdə həmişə sudan quru çıxdığı "böyük qardaş" siyasətinə sadiqdir. Amma indi dövr fərqlidir və Moskva gələcəkdə Bakı ilə münasibət qurarkən bütün bunları nəzərə almalıdır.

Oktyabrın əvvəlində Düşənbədə Azərbaycan və Rusiya prezidentləri arasında keçirilən görüşdən sonra ikitərəfli münasibətlərdəki gərginlik bir qədər azaldı. Görüşdə Vladimir Putin Qroznı yaxınlığında AZAL təyyarəsinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu etiraf etdi. O üzr istədi və Rusiya tərəfinin "əsl səbəbləri müəyyən etmək" və "məsələyə son qoymaq" üçün bir az daha vaxt lazım olduğunu bildirdi. Bundan başqa, Rusiya Prezidenti ölkəsinin "bu cür faciəli hallarda tələb olunan hər şeyi" edəcəyinə, yəni kompensasiya ödəyəcəyinə və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyinə söz verdi. Bu vədlərin yerinə yetirilməsi əvəzinə, bunun əksini görürük. Azərbaycanın xarici işlər naziri yekun mətbuat konfransında Rusiyanın İstintaq Komitəsinin Bakıya Azərbaycan təyyarəsinin vurulması ilə bağlı cinayət işinin bağlanması barədə məktub göndərdiyini bildirib. Bu qərar Bakıda təəccüb və ciddi suallar doğurdu - xüsusilə də təyyarə qəzasının ildönümünün olduğu dekabrın 25-də Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL təyyarəsinin Qroznı üzərində vurulduğunu bir daha təsdiqləyən aralıq məlumatın dərc olunmasından sonra. Buradan belə qənaətə gəlmək olar ki, Rusiya hakimiyyəti məqsədyönlü şəkildə Azərbaycanla münasibətlərdə gərginliyi artırır və beynəlxalq öhdəliklərini yerinə yetirməkdən imtina edir.

Beləliklə, iki ölkə arasında böhranın aradan qaldırıldığını demək hələ tezdir. 2026-cı ildə münasibətlərin inkişafı bir çox cəhətdən Moskvanın hərəkətlərindən və atdığı addımlardan asılı olacaq.

Azərbaycan-Böyük Britaniya: yeni istiqamətlər

Azərbaycanın Böyük Britaniya ilə münasibətləri 2025-ci ildə dinamik şəkildə genişlənib. Yaxşı səviyyədə olan ənənəvi siyasi və iqtisadi əlaqələrə daha bir perspektivli istiqamət - müdafiə sənayesi əlavə olunub. Oktyabr ayında Böyük Britaniya Azərbaycan-Ermənistan münaqişəsinin başa çatmasını nəzərə alaraq Azərbaycana silah tədarükünə qoyulan embarqonun ləğv edildiyini bəyan edib, tərəflər həmçinin 2026-cı il üçün müdafiə əməkdaşlığı proqramını imzalayıb. Bundan başqa, dekabrda Bakıda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon Koaker bildirib ki, Londonun Azərbaycanla müdafiə sahəsində əməkdaşlıqla bağlı iddialı planları var. London və Bakı artıq hansı istiqamətlərdə əməkdaşlıq qura, Azərbaycanın Böyük Britaniyaya hansı texnologiyaları və ya avadanlıqları tədarük edə, eləcə də ölkəmizin ehtiyaclarına uyğun olaraq hansı növ müdafiə sistemlərini təklif edə biləcəyini müzakirə edə bilərlər. Bakıdakı görüşlərdə tərəflər Xəzər dənizi, o cümlədən əsas milli infrastruktur obyektlərinin mühafizəsi ilə bağlı məsələləri müzakirə ediblər. Dəniz imkanlarının inkişafı ikitərəfli əməkdaşlıqda yeni perspektivlər açır.

Beləliklə, 2025-ci ildə Bakı və London arasında münasibətlər yeni əməkdaşlıq istiqamətləri hesabına genişlənib və 2026-cı ildə tərəflər bu əlaqələri möhkəmləndirməyə davam edəcəklər.

Azərbaycan-İran: müsbət dinamika

Bakı və Tehran 2023-cü ilin yanvar ayında Azərbaycanın İrandakı səfirliyinə hücumdan bəri davam edən gərginliyi 2025-ci ildə aradan qaldırıb. Münasibətlərdəki mövcud müsbət dinamika Azərbaycan Prezidenti İlham Əliyev və onun iranlı həmkarı Məsud Pezeşkian arasındakı səmimi münasibətlər sayəsində formalaşıb. İran Prezidenti həmişə etnik azərbaycanlı olduğunu vurğulayır, Azərbaycan şairlərinin şeirlərindən sitat gətirir. İki ölkənin liderləri arasındakı yaxşı siyasi münasibətlər çoxsaylı iqtisadi layihələrin başlanmasına imkan yaradıb ki, bu da ikitərəfli əlaqələrin inkişafına təkan verəcək.

Beləliklə, Bakı və Tehran 2025-ci ildə ikitərəfli münasibətləri başqa səviyyəyə çatdıra bilib. İran daxilində heç də bütün qüvvələr Azərbaycanla bu münasibətlərdən məmnun deyil. Yalnız ümid etmək qalır ki, bu qüvvələrin Azərbaycanla İran arasındakı münasibətləri korlamaq cəhdləri uğursuzluğa düçar olacaq və Tehran Bakı ilə münasibətlərində praqmatizmi rəhbər tutacaq.

Son söz

Yuxarıda qeyd olunanları təhlil edərək, belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan 2025-ci ildə xarici siyasətin bütün sahələrində əhəmiyyətli uğurlar əldə edib. İki aparıcı qlobal mərkəzlə - ABŞ və Çinlə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib; bəzi ölkələrin Azərbaycanın milli maraqlarına ziyan vurmaq cəhdlərinin qarşısı tamamilə alınıb; əvvəlki illərdə münasibətlərin gərgin olduğu bir sıra ölkələrlə əlaqələrin normallaşdırılmasına nail olunub; Türk dünyası və Mərkəzi Asiya ölkələri ilə əlaqələr möhkəmlənib.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət kursu 2025-ci ildə Azərbaycanın müstəqil və özünü təmin edən dövlət, beynəlxalq münasibətlərin bərabərhüquqlu iştirakçısı kimi mövqeyini gücləndirdi. Azərbaycan bir çox ölkələr üçün əsas tərəfdaşa çevrilib və bu, ölkənin başa çatmaqda olan ildə xarici siyasətinin əsas uğuru hesab edilə bilər.

"Report"un Analitika Xidməti

Xəbər lenti