Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanla qazla işləyən elektrik stansiyasının tikintisi barədə müqavilənin bir ay ərzində imzalanacağına ümid etdiyini bildirib.
Serbiyanın Milli Təhlükəsizlik Şurasının enerji vəziyyəti ilə bağlı iclasından sonra "Report"un Balkan bürosunun sualını cavablandıran ölkə başçısı qeyd edib ki, əgər bu baş verərsə, Azərbaycan tərəfindən təmin olunan enerji təhlükəsizliyi daha da yüksək səviyyəyə qalxacaq.
A.Vuçiç bəyan edib ki, Serbiyada Azərbaycan Prezidenti İlham Əliyevin enerji məsələsində rolunu çox sabitləşdirici və son dərəcə vacib qiymətləndirirlər:
"Əlbəttə ki, Serbiya və Azərbaycan arasında yüksək səviyyəli dost münasibəti var və biz ölkəmiz üçün son dərəcə böyük əhəmiyyət kəsb edən qazla işləyən elektrik stansiyası ilə bağlı böyük bir müqavilə imzalamaq ərəfəsindəyik. Ümid edirik ki, bu, çox yaxın zamanda – bir ay ərzində baş tutacaq".
O vurğulayıb ki, bu, iki ölkə arasında əməkdaşlıq və münasibətlərdə yeni bir mərhələ olacaq.
Xatırladaq ki, 2026-cı ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri çərçivəsində iki hökumət arasında imzalanan sənədlərdən biri "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş"dir.
Sazişi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Serbiyanın mədən və energetika naziri xanım Dubravka Djedoviç mübadilə ediblər.
Adıçəkilən səfər çərçivəsində iki ölkə prezidentinin mətbuat üçün bəyanatında A.Vuçiç müqaviləyə toxunaraq bildirmişdi ki, tərəflər bu məsələnin iki və ya üç ay ərzində həll edilməsinə çalışacaqlar:
"Çalışacağıq hər bir məsələni iki və ya üç ay ərzində həll edək ki, dərhal sonra layihə sənədləri hazırlansın və tikinti başlanılsın. Tikinti iki ildən artıq çəkəcək. İnanırıq ki, biz 2029-cu ilə qədər qazla işləyən elektrik enerjisi stansiyasını açacağıq. Niş şəhərinin ətrafında üç yer seçilib. Stansiyanın 500 meqavatlıq enerji istehsalı gücü olacaq".