IMG-LOGO

Vüqar İbrahimov: "Özəl sektor büdcədən maliyyələşdirilməməlidir" – MÜSAHİBƏ

25 Dec 2025 15:44 4 baxış
IMG

Son illər dövlət maliyyəsinin səmərəli və şəffaf idarə olunması, xüsusilə dövlət investisiyalarının icrası, tikinti layihələri və büdcə vəsaitlərinin istifadəsi ictimai nəzarət və peşəkar müzakirələrin əsas mövzularındandır. Bu baxımdan Hesablama Palatasının apardığı kənar dövlət maliyyə nəzarəti tədbirləri həm mövcud problemlərin üzə çıxarılması, həm də gələcək risklərin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

2024–2025-ci illərdə həyata keçirilən auditlərin nəticələri dövlət satınalmaları, layihə-smeta sənədləri, tikinti norma və qaydalarına riayət olunması, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma layihələri üzrə bir sıra xarakterik nöqsanları və sistemli çatışmazlıqları ortaya qoyub. Eyni zamanda, dövlət borcunun azaldılması ilə bağlı rəsmi hesabatlarda əksini tapan müsbət dinamika da maliyyə idarəçiliyində aparılan islahatların nəticəsi kimi diqqət çəkir.

Hesablama Palatasının auditoru Vüqar İbrahimov bu və digər aktual məsələlərlə bağlı "Report"un suallarını cavablandırıb. Palata rəsmisi son iki ildə keçirilən audit tədbirləri, ən çox rast gəlinən pozuntular, tikinti sahəsində normativ tələblərə əməl olunması, işğaldan azad edilmiş ərazilərdə aparılan layihələr üzrə verilən tövsiyələr, eləcə də dövlət borcunun azalmasının əsas səbəbləri ilə bağlı məsələlərə aydınlıq gətirilib.

– Vüqar müəllim, sizin fəaliyyət istiqamətiniz üzrə 2024-2025-ci illərdə neçə kənar dövlət maliyyə nəzarəti tədbiri keçirilib?

- Mənim fəaliyyət istiqamətim üzrə 2024-cü ildə 12, 2025-ci ilin 10 ayında isə 4 olmaqla, ümumilikdə 16 kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirilib. Bunlardan 11-i dövlət investisiyalarının istifadəsi üzrə, 3-ü dövlət vəsaitlərinin və əmlakının istifadə və idarə olunması üzrə, 2-si aparılan əməliyyatların düzgünlüyünün və tamlığının hesabatlıqda əks olunma vəziyyəti üzrə olub.

– Audit tədbirləri zamanı hansı nöqsanlar daha çox təkrarlanıb, başqa sözlə desək, xarakterik olub?

- Dövlət investisiyalarının istifadəsi üzrə 11 sifarişçi təşkilatda 35 layihə əhatə olunub, digər auditlər hər biri 1 layihəni əhatə edib. Auditlər zamanı bir sıra nöqsan və çatışmazlıqlar aşkarlanıb. Belə ki, dövlət satınalmalarını tənzimləyən hüquqi sənədlərin tələblərinin pozulmasına (komissiyanın fəaliyyəti və prosedur pozuntuları) 37 halda, smeta sənədlərinin tərtibi prosesində tikinti normalarının gözlənilməməsi nəticəsində ehtimal olunan dəyərin artmasına 24 halda rast gəlinib.

Eyni zamanda, smetada nəzərdə tutulan bəzi işlərin dəyərinin müqavilədə digər işlərin dəyərinə əlavə edilməsi ilə işlərin dəyərinin artırılması 18 halda, "yerinə yetirilmiş işlərin qəbulu aktları"nda işlərin həcm və dəyərinin artırılması 14 halda, layihədən artıq həcmlərin smetaya daxil edilməsi hesabına işlərin həcm və dəyərinin artırılması 13 halda qeydə alınıb.

Bundan başqa, müqavilə öhdəliklərinin vaxtında icra edilməməsinə görə cərimələrin tətbiq edilməməsi 12 halda, dövlət vəsaitindən qənaətlə istifadə olunmaması və bəzi işlər üzrə əlavə xərclərin yaradılması 12 halda, satınalma tətbiq edilmədən əhəmiyyətli məbləğdə vəsaitin xərclənməsi 11 halda, hesabatlar arasında isə əhəmiyyətli fərqlər 10 halda müəyyən edilib.

– Tikinti norma və qaydalarına riayət olunması vəziyyəti necə olub?

- Dövlət əsaslı vəsait qoyuluşu üzrə dövlət ekspertizasından keçirilmədən işlərə başlanması, smeta norma və qaydaları ilə müəyyən edilmiş normaların düzgün tətbiq edilməməsi nəticəsində işlərin müqavilə dəyərinin artırılması, layihə-smeta sənədləri tərtib edilmədən işlərin icrası halları müşahidə olunur.

Həmçinin müvafiq razılıq və sənədləşmə olmadan, ekspertizadan təsdiqlənməyən işlərin dəyişdirilməsi və yerinə yetirilməsi, smetada iş vahidlərinin düzgün göstərilməməsi hesabına işlərin dəyərinin artırılması, tikinti normativlərinin düzgün tətbiq edilməməsi nəticəsində smeta və müqavilə dəyərinin yüksəldilməsi, tikinti materiallarının normadan artıq silinməsi və kalkulyasiya xərclərinin artırılması kimi nöqsanlar da aşkarlanıb.

İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə ayrılan dövlət vəsaitlərinin auditi nəticəsində sifarişçi təşkilatlara hansı tövsiyələr verilib?

- İşğaldan azad olunmuş ərazilərdə apardığımız auditlər zamanı, əvvəl qeyd etdiyim nöqsanlarla yanaşı, bəzi hallarda dövlətn yaratdığı yaradılan bərpa, tikinti və idarəetmə xidməti üzrə publik hüquqi şəxslərə ayrılan və büdcə ilinin sonuna qalıqda qalan vəsaitlərin növbəti il üzrə bağlanmış müqavilələrdən azaldılması tövsiyə olunub.

Bundan başqa, satınalmalarda şəffaflığın artırılması, layihə-smeta sənədərinə tez-tez dəyişiklik edilməsi səbəbindən layihələrin icra müddətinin uzanması nəticəsində dövlət vəsaitlərinin sifarişçi və podratçı təşkilatların sərəncamında uzun müddət istifadəsiz qalmamasının təmin edilməsi ilə bağlı tövsiyələr verilib.

Eyni zamanda, layihələrin icrası zamanı kommersiya, xüsusilə özəl sektor vəsaiti hesabına həyata keçirilməli olan market və ticarət obyektlərinin xərclərinin sosial xarakterli xərclər kimi dövlət büdcəsi hesabına maliyyələşdirilməməsi, dövlət vəsaitindən qənaətlə istifadənin təmin olunması da tövsiyələr sırasında yer alıb.

– Dövlət borcu haqqında hesabat məlumatlarına əsasən borcun məbləğinin ilin əvvəli ilə müqayisədə azaldığı qeyd olunur. Sizcə, bu nə ilə bağlıdır?

- 2025-ci ilin ilk yarısında xarici borcun azalması əsasən əsas borc ödənişlərinin yerinə yetirilməsi, yeni cəlbetmələrin məhdudlaşdırılması ilə bağlı olub. Daxili borcun azalması isə dövlət istiqrazlarının geri alınması və büdcə vəsaiti hesabına həyata keçirilən ödənişlərlə əlaqədardır. Nəticədə dövlət borcunun həm ümumi məbləği, həm də ÜDM-ə nisbəti əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı düşüb.

Xəbər lenti