AFFA-nın UEFA-dan ayrılan vəsaiti hansı istiqamətlərə xərcləyəcəyi müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə milli assosiasiyanın hesabatında bildirilib.
Ölkədə futbolun və onun idarəetmə sisteminin inkişafına nail olmaq məqsədilə UEFA-nın Hat-Trick Həmrəylik proqramları çərçivəsində 2024/2025 və 2025/2026 mövsümləri üçün UEFA tərəfindən AFFA-ya ümumilikdə 6 milyon 435 min 438 manat ayrılıb.
Həmin məbləğ müxtəlif yaş qrupları üzrə milli komandaların, müxtəlif yaş qrupları üzrə liqaların, grassroots proqramlarının, hakimlik, məşqçilik, infrastruktur və digər sahələrin standartlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulub.
Bundan əlavə, FIFA-nın "Forward" və futbolun müxtəlif inkişaf proqramları çərçivəsində uzunmüddətli perspektivdə yerli futbol və idarəetmə sistemlərini dəstəkləmək məqsədi ilə AFFA-ya 2 milyon 874 min 917 manat maliyyə vəsaiti ayırdığı vurğulanıb.
Bildirilib ki, bu dəstək vasitəsilə həm gənc futbolçuların yetişdirilməsi, həm məşqçi potensialının artırılması, həm də stadionlar və təlim-məşq bazalarının standartlarının yüksəldilməsi mümkün olacaq. Ayrılan vəsaitin strateji istifadəsi yerli futbolun davamlı inkişafını və beynəlxalq standartlara uyğun idarəetmə sistemlərinin tətbiqini təmin edəcək.