IMG-LOGO

Xalq rəssamı: İş rejimim çox ağırdır, yoruluram, akademiyadan emalatxanaya gələndə maşında yatıram – MÜSAHİBƏ

19 Dec 2025 10:02 5 baxış
IMG

– Kosmonavt dəqiqliyi varmış səndə, – emalatxananın qarşısında görüşürük, saatına baxa-baxa soruşur, – burada olmusan heç?

– Yox, – yavaş-yavaş içəri keçirik.

– Onda tələsməyək, vaxtımız var hələ, atmosferə düşməyini gözləyim, – eskizlərlə, dəzgah heykəltəraşlıq nümunələri ilə dolu rəflərə söykənib dayanır.

Emalatxana Bakı şəhərinin kiçik formasını xatırladır. Şəhərin mərkəzi meydanlarında, küçələrində, hətta Birinci və İkinci xiyabanlarda gördüyümüz abidələrin eskizləri, gildən hazırlanan ilkin formaları... Adama elə gəlir ki, dünyadakı bütün abidələr bu emalatxanadan çıxıb. Hər tərəfdə tanınmış bir sima, hər küncdə hansısa tarixi hadisəyə həsr olunmuş abidə...

Haradan və necə başlayacağımı bilmirəm. Ətrafa göz gəzdirə-gəzdirə, nəyisə axtara-axtara, nəhayət, müsahibimlə söhbətə başlamaq üçün ən yaxşı bəhanəni tapıram. Hazırlanmaqda olan abidənin kimə məxsus olduğunu dərhal təyin edib addım-addım ona sarı gedirəm. Yanında müəllifə aid kitablar da gözə dəyir. Çatan kimi qollarımı sinəmdə çarpazlayıram. Müsahibim gülümsəyir.

– Onun barəsində bir azdan...

"Report" Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı, professor Natiq Əliyevlə müsahibəni təqdim edir.

– Məni tanıyanlar bax bu abidələrlə tanıyır, – divar boyunca asılmış rəsmləri göstərir, – bu "Xocalı abidəsi" Ankaradakı Keçirörən bələdiyyəsinin ərazisindədir... Bu isə qədim Kiyev dövlətinin knyazı Vladimirin abidəsidir, bu, Üzeyir Hacıbəylinin Serbiyadakı abidəsi...

Bir qədər ara verib davam edir.

– Bax bu abidə Ulu Öndər Heydər Əliyevin ilk ayaqüstü abidəsidir, 2004-cü ilin yayında Kiyevdə qoyulub. Dekabrda isə Fəxri xiyabandakı (müəllifi Xalq rəssamı Ömər Eldarovdur- red) abidəsi qoyulub.

– Bu, Meksikadakı Xocalı abidəsidir, deyəsən.

– Aha, odur.

Mexikonun mərkəzi meydanında Xocalı abidəsi ucaldılıb, bu, balaca şey deyil

– Buna ən məşhur Xocalı abidəsi deyirlər. Yerli xalq da sevir bu abidəni.

– Bu abidənin qoyulması, ümumiyyətlə, mənim üçün çox böyük qürurdur. Bilirsən, Meksika heykəltəraşlığı çox qədim və məşhurdur. Meksikada sənətə baxış da çox qəribədir. Prospektlərdə gəzirsən, az qala, hər 30 metrdən bir hansısa bir şəxsin fiqur-abidəsini görürsən. İncəsənət baxışları da çox özünəinamlı və cəsarətlidir. İndi təsəvvür elə ki, belə bir ölkədə başqa bir ölkəyə məxsus abidə ucaldılır.

Deyirsən, yerli xalq da abidəyə maraqla yanaşır, sənə deyim, bu abidə Mexikonun mərkəzi meydanında ucaldılıb. Bu, balaca şey deyil. Abidənin düz qarşısında isə kilsə yerləşir. Hətta bir dəfə orada Xocalı soyqırımı tədbir olaraq geniş şəkildə qeyd olunmuşdu.

– Yeri gəlmişkən, Meksika Xocalı soyqırımını parlament səviyyəsində tanıyan ilk ölkələrdəndir.

– Haqlısan. Üstəlik, sənə deyim, Xocalı abidəsi onlar üçün də artıq doğmalaşıb.

Bir qədər irəli keçib divardakı lövhələrdən birinə işarə edir.

– Bu da Xocalı abidəsidir, Bosniya və Herseqovinanın Sarayevo şəhərində ucaldılıb.

– Bu abidə bir az başqadır elə bil.

– Bəli, bilirsən, bosniyalılar da faciəni görmüş millətdirlər (1992-1995-ci illərdəki müharibədə xristian serblər tərəfindən müsəlman bosniyalılara qarşı tətbiq edilən soyqırımı nəzərdə tutulur, – müəl), ona görə düşünüb-daşınıb bu iki faciəni iki ananın söhbəti kimi birləşdirdim.

– Ortaq dərd...

– Yaxud da "Dərd ortaqları"... Yeri gəlmişkən, o zaman açılışa Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da gəlmişdi.

Lövhələrlə işimizi yekunlaşdırıb emalatxananın digər tərəfinə keçirik.

Milli qəhrəmanlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevanın abidəsini hazırlamaq mənim üçün çox ağrılı və məsuliyyətli idi

– Milli qəhrəman Hökumə Əliyeva...

– Bəli, bu, kompozisiya kimi işlənib, yəqin, xəbərin var, milli qəhrəmanlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyeva... Abidələri İkinci Fəxri xiyabanda ucaldılıb. Bax sənə bir söz də deyim, bəzən gəlib emalatxanada gildən hazırlanan versiyalara baxıb deyirlər ki, üzündə filan qırış niyə görünmür? Yaxud üzü niyə belədir və sair. Gərək hər dəfə başa salasan ki, bu eskizdir, yəni daha çox formadır. Abidə halında görmək istədiyini vaxtı yetişəndə görə biləcəksən. Çox adam istəyir ki, hər şeyi eskizdə görsün. Bəzən qoyulacaq abidənin ailə üzvləri də belə edir. Nə bilim.

Bu hadisə çox acınacaqlı idi, layihəni işləmək də mənim üçün çətin və məsuliyyətli oldu. AZAL tərəfindən təklif gəldi, razılaşdıq. Müəyyən layihə təklifləri verdim, sifarişçi və ailəsi ilə məsləhətləşdik və eskizi təsdiq etdik. Abidələrin üçü də bir yerdə kompozisiya şəklində və eyni vaxtda qoyulmalı idi. Soruş niyə?

– Niyə?

– Bir az da elə siz jurnalistlərə görə (gülür). Sənin jurnalist dostların gedib xiyabana baxacaqdı, görəcəkdilər ki, abidənin biri qoyulub, ikisi yox. Ondan sonra da aləm qarışacaqdı. Ona görə də üçü də bir gündə qoyulmalı idi, üstəlik, hər üçünün də ailəsi baxmalı, razılaşmalı idilər. Üç abidəni eyni vaxtda işləmək həm çox çətindir, həm də məsuliyyətli. Şükür Allaha, hər şey qaydasında oldu.

– O zaman kompozisiyanı işlədiyiniz zaman ailəsi tez-tez gəlib baxırdı, hə?

– Əlbəttə, hər üçünün ailəsi gəlirdi. Bilirsən, yenə də deyirəm, mənim üçün çox ağrılı bir proses idi, nə deyim... Ümumilikdə kompozisiyanı 8 aya tamamladım. Allah hər üçünə rəhmət eləsin.

Bir qədər irəli keçirik.

– Bu Fərman Salmanovun (Fərman Salmanov – geologiya-minerologiya elmləri doktoru, professor, – müəl.) abidəsinin fraqmentidir. Abidə əslində, bürünc olaraq da hazırdır, sadəcə, ucaldılması ləngiyir. Əslində, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Hacı Zeynalabdin Tağıyevin və Fərman Salmanovun abidələrinin ucaldılması ilə bağlı sərəncamlar bir-birinə yaxın zamanda verilmişdi. Onlar içərisində hələlik yalnız bu qalıb. Şəmkirdə parkda ucaldılmalıdır, dörd il keçib, amma hələ ki bir söz demirlər.

– Yeri gəlmişkən, Babəkin də heykəli ucaldılmalı idi, amma 2012-ci ildən yarımçıq qalıb.

– O abidənin müəllifi rəhmətə gedib (Abidənin müəllifi Azərbaycanın Xalq rəssamı Arif Qazıyev nəzərdə tutulur. 2021-ci ildə vəfat edib, – müəl.).

– Bilirəm, amma abidə onun sağlığında hazır idi, mən hətta kombinatda olmuşam. Yəni abidənin bürüncdən tökülməsinə də başlamışdılar, sadəcə, proses davam etmədi, yarımçıq qaldı.

– Hə, olar, bu barədə heç nə deyə bilmərəm, yəni mənlik məsələ deyil.

Hər obrazı yüksək postament üzərində təsvir eləmək yaxşı deyil

– Natiq müəllim, əvvəl qoyulan abidələrin postamenti daha hündür olurdu sanki.

– Dediyin hal dövrdən asılı bir şeydir. Üstəlik, hər obrazı da yüksək postament üzərində təsvir eləmək yaxşı deyil. Tutaq ki, görkəmli bir rəssamın abidəsidir, onu dörd metrlik postamentin üstünə qaldırmağın nə mənası var?

– Ümumiyyətlə, abidənin postament üzərində, yaxud yerdə qoyulması memardan asılıdır, yoxsa heykəltəraşdan?

– Hər ikisinin ortaq qərarı olur.

Diqqətimi rəfdə ən küncdə qoyulmuş eskiz çəkir.

– Bu Aşıq Ələsgərdir. Siz müsabiqədə qalib olmuşdunuz.

– Bəli.

– Bəs niyə birində oturan yerdədir, birində ayaq üstə.

– Çünki birinci mərhələ üçün oturan yerdə göndərmişdim, sonrakı mərhələdə isə düşündüm ki, ayaqüstə yaxşıdır.

– Niyə?

– Bax, Nihat, bu adam aşıqdır, qərbi azərbaycanlıdır, qəbri dağıdılıb, bu qədər köçkün... Gör onun ayaq üstə dayanması üçün nə qədər arqument var.

– Yəni bu qədər proses içində nə deyib oturmusan, ay aşıq.

– Hə, vallah. Bu saydıqlarımın fonunda qəhrəman Bakının mərkəzində necə otura bilər? Özü də bu adam elə-belə aşıq olmayıb. O boyda söz bazası, şeir bazası olan bir adam... Cüssə etibarilə də iri olub, deyir, kürəyinin arxasında iki adam gizlətmək olarmış.

– Kim deyir onu? Şəkli-zadı da yoxdur, bəlkə, kimlərinsə uydurmasıdır, ola bilməz?

– Deyənlər deyib də. Şəkli, deyilənə görə, varmış, amma yalan söhbətdir. Bax sənlə mən burada yox, şəhərdə görüşsəydik, sən telefonda özünü təsvir edəcəkdin mənə. Boyum belə, saçım belə, paltarım belə. Mən də bunlara görə səni tanıyacaqdım, vəssalam. İndi bu Aşıq Ələsgərin də şagirdləri olub, davamçıları olub, onlar danışıb, yazıb və ümumi vizual görüntü barədə müəyyən təəssürat formalaşıb. Düz demirəm?

– Düz deyirsiniz. Özü də solaxay olub.

Dərhal barmaqlarını ayaqüstə dayanan fiqura tuşlayır.

– Bax! Saz sol tərəfdə tutub. Bu məsələ də bir xeyli müzakirə olundu. Bilirsən, indi elədir ki, biri bir fikir bildirir, başqaları da dəstək verir. Mən Qazaxda Aşıq Şəmşirlə Aşıq Ələsgəri yanaşı işləmişəm, biri sazı sağ tərəfə tutub, biri sol. Orada da deyirdilər ki, bunlar niyə sazı bir-birinə qarşı tutub? Nəysə, bu barədə danışmayaq heç. Mən abidəni hazırlayandan sonra nəticəsi Xətai Ələsgər baxıb dedi ki, biz də elə bu cür təsəvvür edirdik.

Aşıq Ələsgəri Böyükağa Mirzəzadə, Mikayıl Abdullayev kimi sənətkarlar rəngkarlıq üzrə işləyib və hərəsi öz düşüncəsinə uyğun yanaşıb, obrazı o cür qurub. Konkret mənim yanaşmama gəlincə, mən bu abidəni işləyəndə ona təkcə aşıq kimi yanaşmadım. Bayaq dedim, bu adam qərbi azərbaycanlıdır, indi isə o həm də çağırış edən biridir. Yəni bu abidə şəhərin mərkəzində qoyulacaqsa, sən abidəyə baxanda dinamik bir vəziyyət hiss eləməlisən.

Aşıq Ələsgərin abidəsinin müzakirəyə səbəb olması məni sevindirdi, dişsiz iş olsaydı, heç kəs müzakirə etməzdi

– Abidənin qoyulacağı yer də onun, bir növ, quruluşuna təsir edir, deməli.

– Əlbəttə. Şəhərin gur yerində, mərkəzdəki abidədə dinamika yoxdursa, görünməyəcək. Özü də sənə bir söz deyim, mən hətta sevindim ki, bu abidə belə müzakirə olundu. Niyə? Müzakirə olunursa, deməli, nəsə var ki olunur da. Dişsiz bir abidə olsaydı, nə olardı? Heç kəs heç nə danışmazdı, müzakirə etməzdi.

– Mədəniyyət Nazirliyinin müsabiqələrində iştirak edirsiniz, bu çox yaxşıdır. Bir çoxunda da sizin layihəniz qalib gəlir, amma mən xatırladığım iki müsabiqə var ki, sizin layihə qalib gəlmədi və deyim ki, hər ikisi sonradan çox geniş müzakirə doğurdu.

Sualıma diqqətlə qulaq asıb davamını gətirməyə imkan vermir. Əli ilə rəfin ən yuxarı başına işarə edir.

– Kömək elə, onu aşağı salım, davam edək. Bura gəlmisənsə, gərək işləyəsən. Bir dəfə biri mənə sual verdi ki, sizin heykəltəraşlıq üçün lazımi alətləriniz var? Nə cavab verim, bilmədim, vallah.

Köməkləşib Hacı Zeynalabdin Tağıyevin eskizini rəfdən aşağı salırıq.

– Bu müsabiqədə Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib gəldi və sənə deyim ki, mən çox sevinirəm ki, o qalib gəldi. Amma sənə öz layihəm barədə də danışmaq istəyirəm.

Mənim fikrim bu idi ki, abidədə Tağıyev haqqında informasiya geniş olsun. Atası çəkməçi olub, bax burada göstərmişəm.

Torpaq alır, neft çıxmayanda dostları torpağı satır, amma bu səbir edir, gözləyir və nəticəsini də görür, bax burada göstərmişəm.

Neft mancanaqları, Qızlar məktəbinin binası, Bakının seluiti, çarla olan münasibəti, manufaktura məsələsi... Şollar... Görürsən, hamısı var burada. Yəni abidənin üzərində bütün həyatını təsvir eləmişdim.

– Özü də sizin təqdimatda Tağıyev yeriyir.

– Hə, niyə? Çünki metronun çıxışıdır, hərəkətlilik, dinamika çox yüksəkdir, ona görə abidə də elə olmalıdır deyə düşündüm.

Mən deyə bilmərəm ki, komissiya niyə mənim layihəmi yox, başqasını seçib, Tağıyevdə Xanlar Əhmədovun layihəsi seçildi, Maqomayevdə isə Ömər Eldarovun, bu normaldır

– Müslüm Maqomayevin abidəsi ilə bağlı müsabiqədə də sizin layihəniz vardı, o da seçilmədi.

– Elədir, bilirsən, mən heç vaxt deyə bilmərəm ki, komissiya niyə mənim layihəmi yox, başqasını seçib. Tağıyevdə Xanlar Əhmədovun layihəsi seçildi, Maqomayevdə isə Ömər Eldarovun. Mən buna çox normal yanaşıram, hər ikisi çox böyük sənətkardır.

Mən Müslüm Maqomayevin abidəsini dənizin içərisində qayanın üstündə ucaltmaq istəyirdim. Təsəvvür elə, Müslüm ayaqüstə, dəniz dalğaları gəlib abidəyə çırpılır... Yəni belə.

– Bu isə Xalq yazıçısı Elçindir. Bayaqdan baxıram elə, dedim, bir az söhbət edək, sonra bu barədə danışaq.

– Elə içəri keçəndən gözün onun üstündədir, elə bilirsən, görmürəm (gülür). Elçinin atası görkəmli yazıçımız İlyas Əfəndiyevin də heykəlini mən düzəltmişdim. Elçinin özü ilə də çox yaxşı münasibətimiz olub.

– Kitablarını da oxuyursunuz, – masanın üstündə Elçinin "Seçilmiş əsərləri"ni görürəm.

– Əlbəttə.

– Qəbirüstü abidəni nə vaxta hazırlamağı planlaşdırırsınız?

– Bax, görürsən, axtarışlar edirəm, fərqli səpkilərdə eskizlərim var. Amma deyim ki, ailəsi birini bəyənib, indi onun üzərində işləməyi düşünürəm. Yəni faktiki zaman demək çətindir, amma işləyirik.

– Bəs başqa hansısa abidə üzərində işləyirsinizmi?

– Var, amma, məncə, tanımazsan, öz tanışımdır.

– Sellofanlara bükülən odur? – divarın küncünə işarə edirəm.

– Hə, qoy açım, bax, amma çəkmə, – fotoqrafa işarə edir. Açır, baxırıq, – mənim üçün bu da bir obrazdır, işləyirəm.

– Natiq müəllim, fərdi sifarişləriniz də olar, yəqin.

– Təbii ki, mən heykəltəraşam, sifarişlərim də olur.

– Yeri gəlmişkən, siz həm də məmursunuz.

Gülür.

– Deməli, Aşıq Ələsgərin abidəsi təsdiq olunandan bir az sonra rektor təyin olunmağım barədə xəbər çıxdı. Mən sənə tam səmimi deyirəm, Nihat, vallah, gözləmirdim. Düzdür, mən orada 1982-cü ildən çalışıram, amma belə bir təyinatı qətiyyən gözləmirdim. Özü də abidə təsdiq olunub, işə başlamalıyam, üstünə gəl, belə bir məsuliyyətli vəzifə. İndi akademiyadan emalatxanaya maşında gələ-gələ yolda yatıram. Çünki çox yoruluram. Bura da gəldim, gecə on iki, birin yarısından tez getmirəm. Gün ərzində 4-5 saat yatsam, qənimətdir.

– Eviniz bura yaxındır?

– Yox, amma daha öyrəşmişəm. İnsan hər şeyə öyrəşir. Bilirsən, bəzən sənin həmkarların soruşur ki, filan heykəl nə vaxt hazır olacaq? Müəllifə qalsa, aylarla işləyəcək, amma konkret vaxt qoyulur və bu da müzakirəyə qapalı olur.

Rəssamlıq Akademiyasında vəziyyət elədir ki, kollektiv işdir, yəni hər şey tək məndən asılı deyil, amma cavabdeh mənəm

– Akademiyada necədir vəziyyət?

– Yaxşıdır, çalışırıq, vuruşuruq. Bilirsən, akademiya elədir ki, kollektiv işdir, məsuliyyətdir. Tək olsam, başqa, amma kafedralar var, fakültələr var, yəni hər şey tək məndən asılı deyil, amma soruşanda məndən soruşurlar, cavabdeh mənəm.

– Dərs də deyirsiniz, hə? Tələbələr necə, qane edir sizi?

– Bəli, dərs də deyirəm, təbii, yaxşı tələbələrimiz də var, ümid verirlər. Amma bu o demək deyil ki, orada 100 tələbə varsa, 100-ü də istedadlıdır, yox.

Süni intellekt heç vaxt insanın hiss və düşüncələrini əvəzləyə bilməz

– Bəs süni intellektlə aranız necədir? İncəsənət adamları yaman təşvişə düşüb.

– Yox, qətiyyən qorxum yoxdur. Süni intellekt heç vaxt insanın hiss və düşüncələrini əvəzləyə bilməz. Mən özüm istifadə etməmişəm, amma tanış olmuşam, görürəm ki, o deyil. Lazımi səviyyəyə qalxmır. Ola bilər, çox səliqəlidir, ilk baxışdan, nəsə görünür, amma içi boşdur, hiss-duyğu yoxdur. Çünki ruh yoxdur. İnsanda ruh olur, o ruhu heç nə ilə doldurmaq, əvəz eləmək olmaz.

– Natiq müəllim, Bakıda bir neçə abidənin yeri sonradan dəyişdirilib. Sualı ona görə verirəm ki, həmmüəllifi olduğunuz Əliağa Vahidin də abidəsi o vaxt şəhərin bir yerindən başqa yerinə köçürülmüşdü. Xurşidbanu Natəvanın da heykəlinin yeri bir dəfə dəyişdirilib. Bu yaxınlarda isə Milli Məclisdə müzakirə zamanı Xalq yazıçısı Anar tərəfindən Həsən bəy Zərdabinin İçərişəhərdəki abidəsinin yerinin dəyişdirilməsi təklif olunub. Ümumiyyətlə, belə hallar nə dərəcədə doğrudur?

– İlkin variant ən düzgün variantdır. Çünki həmin vaxt abidənin qoyulacağı yerlə bağlı bütün prinsiplər hesablanır, bir növ, abidə qoyulacağı yerə uyğunlaşdırılır, ora uyğun quraşdırılır. Miqyasdan tutmuş materiala qədər hər şey məhz abidənin qoyulacağı yerə görə hesablanır. Üstəgəl, insanların da gözü öyrəşir, şəhərdə özünə görə müəyyən simvola çevrilir. Zərdabinin heykəli Azərbaycan Milli Ensiklopediyasının köhnə binasının qarşısında ucaldılıb, indi ora restoran kimi fəaliyyət göstərir, olsun. Sabah, bəlkə, o restoranın da yerində kitabxana oldu, onda necə olacaq? Hələ heç bununla bağlı qərar da yoxdur, sadəcə, təklifdir, üstəgəl, müəllif özü sağ deyil, bunu da nəzərə almaq lazımdır.

– Müəllif Elmira Hüseynovanın (Azərbaycanın əməkdar rəssamı, Xalq rəssamı Toğrul Nərimanbəyovun həyat yoldaşı. 1995-ci ildə vəfat edib, – müəl.) qızı Əsmər Nərimanbəyova etiraz eləmişdi.

– Aydın məsələdir, etməlidir. Bilirsən, ora restorandır deyə, yerini dəyişdirmək fikri mənə çox müəmmalı gəlir. Özü də o heykəl divarın qarşısında qoyulmaq üçün hazırlanıb. Bunu müəllif mütləq nəzərə alır, heykəlin növləri var – relyef, kontur relyef, barelyef, qorelyef... Məsələn, qorelyef divara yapışıq olur, bax bu şeyləri müəllif mütləq şəkildə düşünür, hesablayır, ona görə abidənin sonradan yerini dəyişdirmək, nə bilim, vallah.

– Vahidin heykəlindan danışdıq, o abidə hələ qoyulmamış "Qəzəlxan" filminin açılış səhnəsində nümayiş olunub. Necə oldu bu?

"Qəzəlxan" filmində Vahidin abidəsini fırladan mənəm, amma görünmürəm

– Hə, o abidəni mənlə Rahib Həsənov hazırlayıb, memarı isə Sənan Salamzadə olub. Heykəli mənim emalatxanamda işləmişik, sənə ünvanı da dəqiq deyirəm: Puşkin küçəsi 12/14. Orada kitab mağazası vardı, indi bankdır, lap əvvəllər qazanxana olub. Abidəni yekunlaşdırmışdıq, gili sulayıb üstünü örtmüşdüm ki, qapı döyüldü. Açdım, Şahmar Ələkbərov (Xalq artisti, aktyor, rejissor. "Qəzəlxan" filminin rejissoru, – müəl.). Dedi, eşitmişəm, Vahidin heykəli üzərində işləyirsiniz, mən baxmaq istəyirəm. Rahib Həsənova zəng vurdum ki, belə bir söhbət var, çünki o da müəllifdir axı, dedi, olar, baxsın. Açdım, heykəli görən kimi oturdu, bir xeyli baxdı, baxdı, dedi, mən belə təsəvvür etmirdim, icazə verin, bu heykəli filmə çəkim. Biz də razılaşdıq. Emalatxanada gildən olan versiya ilə şəhərdə qoyulan abidənin ötürdüyü vizual mənzərə eyni deyil axı. Bayaq danışdım bundan sənə. Odur ki işıqlandırma və digər məsələləri həll etdim, abidəni fırladan da mənəm, filmdə yadına sal, amma aşağıdayam, görünmürəm.

– Ailənizdə yaradıcılıqla məşğul olan var?

– Həyat yoldaşım ingilis dili müəlliməsidir, oğlum isə həvəskar rəssamdır.

– Həvəskar?

– Hə, çalışdım ki, ona qarışmayım, Rəssamlar İttifaqının üzvüdür.

– İttifaqa üzv və həvəskar?

Gülür.

– Almaniyada, Türkiyədə sərgisi də olub.

Rəssamın, heykəltəraşın bir obrazı olduğu kimi təsvir etməsi mümkün deyil, bunu yalnız Allah edə bilər

– Elə həvəskar olar, ay müəllim? Gül kimi rəssamlıqla məşğuldur.

– Hə, elə deyirsənsə, elə olsun. Sənə bir şey də deyim, rəssamlıqdır, heykəltəraşlıqdır, bunlar böyük istedad tələb edir, amma mümkün deyil ki, obrazı olduğu kimi verəsən. İstər təbiət mənzərəsi olsun, istər hansısa bir görkəmli şəxs. Yəni bunu bircə Allah edə bilər, başqa heç bir qüvvə bacarmaz.

– Belə başa düşdüm, inanclı adamsınız.

– Nə mənada deyirsən?

– Allahdan başqa heç bir qüvvə bacarmaz dediniz deyə...

– Hə, inanclı adamam.

Yaratdığım heykələ səcdə etmirəm, ona görə də inanclı heykəltəraş olmağımda heç bir problem yoxdur

– Bəs İslamda insan obrazını yaratmağın doğru olmadığını deyirlər axı.

Gülür. Qolumdan tutub məni bir az kənara çəkir, geniş çıxışa hazırlaşırmış kimi üst-başını səliqəyə salır.

– Evinizdə, yəqin, fotoalbomunuz var, uşaqlıq illəri, nə bilim, toy kasetləri, ailə üzvlərinin ad günləri... Fərqi nədir ki? Yaxud filmlərə baxırıq, o adamlar indi yoxdur həyatda, amma filmə baxanda onları diri görürsən. Mən də onun bir halını təsvir edirəm də, burada nə qəbahət var ki? İkincisi isə mən yaratdığım heykələ səcdə etmirəm, bu, sadəcə, bir obrazdır, yaradıcılıqdır, heç bir problem yoxdur.

Hərələnib-fırlanıb yenə gəlirik Tağıyevin eskizinin yanına.

– Qəşəngdir.

– Amma sənə deyim, mən bunu "İçərişəhər" metrosunun qarşısında qoymazdım.

Tağıyevin heykəlini "İçərişəhər" metrosunun qarşısında qoymazdım

– Bəs harada?

– Nizaminin heykəlinin yanından düşüb Natəvanın heykəlinə tərəf dönürsən ha, bir az da gedən kimi orada dörd yol ayrıcı var, bax düz orada! Heykəl özü isə günbatan tərəfə baxsın, yəni səhərdən axşama qədər gün üzərinə düşsün.

– Bakıda qoyulan abidələrdə günün düşməsi nəzərə alınır ki?

– Mümkün deyil. Bu, sadəcə, təsadüfən alına bilər. Məsələn, "Azdrama"nın qarşısında Füzulinin abidəsi var, necə ola bilər ki, gün ərzində günəş həmişə onun üzərinə düşsün? Yaxud Nizami. Yəni bu, heç bir halda, ola bilməz.

– Bax başqa heykəltəraşların da müəllifi olduğu abidələrdən danışdıq, maraqlıdır, Bakıda ən çox ürəyinizə yatan abidə hansıdır?

– Öz abidələrim (gülür). Zarafat edirəm, Bakıda xoşuma gələn abidə çoxdur. Fuad Əbdürrəhmanovun, Cəlal Qaryağdının, Tokay Məmmədovun, Ömər Eldarovun müəllifi olduğu heykəllər, doğrudan da, Azərbaycan incəsənəti üçün tarixdir.

– Natiq müəllim, bizdə fərqli abidə elə bir dənədir: Zorgenin abidəsi (Sovet kəşfiyyatçısı Rixard Zorgenin abidəsi nəzərdə tutulur. Abidə 1981-ci ildə heykəltəraş Vladimir Siqal tərəfindən ucaldılıb. Abidənin memarları Rasim Əliyev, Leonid Pavlov, Y. Dubovdur, – müəl.), vəssalam.

– Çox böyük səhvin var, bəs Vahidin heykəli? (gülür) Fərqlilik başqa necə olsun ki?

– Tamamilə haqlısınız, sözümü geri götürürəm (gülür).

– Yaxşı, mən də qəbul edirəm. Bir də ki, monumental abidələrin sifarişçisi dövlətdir. Yəni sən təklifini et, uyğundursa, buyur.

– Qəfil ağlıma gəldi, abidələrin yuyulması məsələsi... Bizdə o qədər də riayət olunmur.

– Hə, yaxşı ki, yadına düşüb, bu çox vacib məsələdir və mütləq davamlı şəkildə edilməlidir. Bilirsən, parkı salmaq asandır, onu qorumaq isə çətin. Elə gətirib abidəni ucaltdın, vəssalam? Yox, yuyulmalıdır, vaxtaşırı mum məhlulla işlənməlidir.

– O mum söhbətini mən heç vaxt görməmişəm.

– Bu yaxınlarda bir dəfə oldu, o da əməlli-başlı narazılıq yaratmışdı, yadına düşmür?

– Yadıma düşdü. Amma abidələrin hamısı olmadı.

– Hə, bir qisminə etdilər. Bizdə yanlış olan başqa bir şey də var, heykəli bir az keçəndən sonra götürüb bürünc rəngli boya ilə rəngləyirlər. Bu çox yanlış şeydir. Onu yuyursan, mumla yüngül sığal çəkib silirsən, vəssalam. O mum nazik bir təbəqə yaradır, o təbəqə abidəni yağışdan, qardan qoruyur. Yəni hər bir heykəlin yiyəsi olmalıdır.

– Kim?

– Nə bilim mən?

– Abidə hansı ərazidədirsə, oranın icra hakimiyyəti, bəlkə?

– Yaxşı ideyadır, amma bilmirəm.

Yavaş-yavaş çıxışa doğru gedirik.

– Çay içirsən sən? Bax sən zəng edəndə mən çay qoyurdum, amma başımız söhbətə elə qarışdı ki, qaldı.

– Yox, çox sağ olun, elə bu söhbət bəs elədi. Natiq müəllim, sizin ilk əsəriniz Sankt-Peterburqda blokadada həlak olmuş həkimlərlə bağlı olub. Son işiniz isə yəqin ki, böyük qırğız yazıçısı Çingiz Aytmatov. Professor gözü ilə baxsaq, özünüzdə nə kimi dəyişiklik görürsünüz?

– O qədərdir ki... Təcrübə, bilik, inkişaf, yeni baxış, dünyagörüş. Amma elə heykəltəraşlar da var ki, öz stillərinə sadiq olurlar, dəyişmirlər.

– Bəs siz?

– Məncə, mən hər gün axtarışdayam...

Xəbər lenti