Azərbaycanda balıqçılıq fəaliyyətinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinə aid edilməsi, habelə bu sahədə vergi tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əsaslandırılmış təkliflər hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim edilib.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev Azərbaycanda balıqçılıq siyasəti, 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlər mövzusunda mətbuat konfrasında bildirib.
"Balıqçılıq, xüsusən də akvakultura sahəsi uzun illərdir ki, kənd təsərrüfatı sahəsinə aid edilməyib. Bu səbəbdən də kənd təsərrüfatı sahələrinə tətbiq edilən vergi güzəştləri, eləcə də müxtəlif dövlət dəstəyi mexanizmləri balıqçılıq sahəsinə tətbiq olunmayıb.
Balıqçılıq, o cümlədən akvakultura sahəsində dövlət dəstəyinin məqsədyönlü şəkildə təşkili məqsədilə müvafiq layihə hazırlanıb və razılaşdırılması üçün aidiyyəti qurumlara göndərilib. Layihə çərçivəsində akvakultura təsərrüfatlarının yaradılması və inkişafının stimullaşdırılması, investisiya cəlbediciliyinin artırılması, müasir istehsal texnologiyalarının tətbiqi və məhsuldarlığın yüksəldilməsi əsas prioritetlər olaraq müəyyən edilib", - deyə o qeyd edib.