Amerikalı müğənni Beyons 2025-ci ilin rekordunu müəyyənləşdirib: onun konsert turu 55,7 milyon dollar gəlir gətirib və 217 min bilet satılıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu göstərici ilə konsert ilin ən gəlirlisi olmaqla yanaşı, qadın ifaçılar arasında bir məkanda keçirilən çıxışlar üzrə tarixdə ən böyük nəticələrdən biri hesab olunur.
Los-Ancelesdə keçirilən və 50 milyon dollardan çox gəlir gətirən Beyons konsertləri 2025-ci ildə bir məkanda baş tutan və qeydə alınmış ən böyük çıxış olub. Bu nəticə Coldplay qrupunun Asiya turu çərçivəsində verdiyi bir neçə konserti və Şakiranın Mexikoda yeddi gün davam edən çıxışlarını geridə qoyub. Bundan əlavə, bu konsert “Boxscore” tarixində beşinci ən yüksək kassalı nəticə, eyni zamanda qadınlar arasında bir məkanda keçirilmiş ən gəlirli konsert kimi qeydə alınıb.
“Cowboy Carter” turu aprelin 28-də start götürüb, ardınca mayın 1, 4, 7 və 9-da çıxışlar baş tutub. Orta hesabla Beyons hər axşam 11,1 milyon dollar qazanıb və hər konsertdə 43 mindən çox pərəstişkar toplayıb.
Bu bir həftəlik turu başa vurduqdan sonra Beyons SoFi stadionunda bu məkanda çıxış edən bütün sənətçilər arasında ən çox konsert verən ifaçı olub – ümumilikdə səkkiz dəfə, o cümlədən 2023-cü ildə üç konsert.
İlkin məlumatlara görə, “Cowboy Carter Tour” çərçivəsində Beyonsun gəlirləri 1,4 milyard dolları keçib.
Beyons maqazin