IMG-LOGO

Dövlət başçısı Azərbaycanın orta güc kimi dəyərləndirilməsinə münasibət bildirib

13 Jul 2026 09:50 2 baxış
IMG
0 0

Azərbaycanın artıq orta güc dövlətinə çevrildiyini bildirən analitik yazıları oxumuşam və ekspertlərin fikirləri ilə tanışam.

Lent.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

“Düşünürəm ki, belə forumlar da ölkənin hansı meyarlar əsasında orta güc dövləti adlandırılmasını müəyyənləşdirməyə kömək edə bilər. Bu meyarlar müxtəlif ola bilər və hələlik hamı tərəfindən qəbul edilən vahid meyar formalaşmayıb.

Amma mənim fikrimcə, bu anlayış ölkənin potensialı, böyük dövlətlərin nə düşündüyündən və nə etdiyindən asılı olmayaraq, milli maraqlarını müdafiə etmək qabiliyyəti, kimsə sizə zərər vurmaq istəyəndə bütün imkanlarınızla müqavimət göstərə bilmək deməkdir. Şübhəsiz ki, müdafiə qabiliyyəti də əsas meyarlardan biridir. Ancaq söhbət yalnız hərbi paradlarda nümayiş etdirilən imkanlardan getmir. Əsas məsələ bu qabiliyyətin döyüş meydanında öz təsdiqini tapmasıdır.

Mənim fikrimcə, mühüm amillərdən biri də ölkənin yalnız bir sözü, bir bəyanatı ilə sərhədlərindən kənarda baş verən proseslərə təsir göstərə bilməsidir. Azərbaycan bunu dəfələrlə nümayiş etdirib.

Hesab edirəm ki, bu anlayışa aid edilə biləcək digər vacib meyar məsuliyyətdir. Bu, həm ölkə daxilində baş verənlərə görə məsuliyyət daşımaq, həm də müəyyən mənada bütün region qarşısında məsuliyyət hiss etmək deməkdir.

Düşünürəm ki, sonradan komandamız bu meyarlara başqa məqamlar da əlavə edə bilər. Amma sadaladığım bütün xüsusiyyətlər Azərbaycana aiddir. Məhz buna görə də bir çox ekspertlər ölkəmizi orta güc dövləti adlandırırlar. Açığını desəm, mənim buna heç bir etirazım yoxdur”, - deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumu

Mənbə: lent.az

Xəbər lenti