"Araz-Naxçıvan"ın icraçı direktoru Eldəniz Yusubov "Report"a müsahibə verib. Klub rəsmisi Premyer Liqanın XV turunda "Qarabağ"a (1:5) böyükhesablı məğlubiyyətdən, komandanın hazırkı durumundan danışıb. O, baş məşqçi Elmar Baxşıyevin klubdakı taleyi haqqında sual doğuran məqamlara toxunmaqla yanaşı, qış fasiləsi ilə bağlı planları da açıqlayıb.
- "Araz-Naxçıvan"ın cari mövsümdə, indiyəqədərki çıxışını necə dəyərləndirirsiniz?
- Avrokuboklardan sonra Azərbaycan çempionatına başlayanda qarşıya yeni mövsümdə ən azı UEFA Konfrans Liqasına vəsiqə qazanamaq hədəfi qoyuldu. Düzdür, son oyunlarda komanda istədiyimiz nəticəni qazanmır. Üstəlik, ölkə kubokunda da mübarizəni dayandırmışıq. Məğlubiyyətlər var. Kollektiv potensialına uyğun oynamır. Ancaq bunu uğursuzluq deyil, "qara zolağ"a düşmək kimi qiymətləndirsək, daha düzgün olar. İstənilən halda mübarizəni davam etdiririk. Hədəfimizdən yayınmaq heç kimin ağlından belə keçmir. Klub olaraq bu vəziyyətdən çıxmaq istəyirik. "Araz-Naxçıvan" həmişəki komandadır, eyni futbolçular oynayır. Şərait, təşkilati işlər baxımından heç bir problem yoxdur. Sadəcə, futbolçular gözləntilərə yaxşı nəticələrlə cavab verməlidirlər.
- Son oyunda "Qarabağ"a 1:5 hesablı məğlubiyyətin səbəbini nədə görürsünüz?
- Son vaxtlar zədəli futbolçularımızın sayı çoxalıb. Bu da baxımlı oyuna təsir edib və əzmkarlığın aşağı düşməsinə səbəb olub. Futbolçular nə qədər ciddi hazırlaşsalar da, sanki fərqli oyun görürük. Bütün bunlar səbəbdir. Amma həll oluna biləcək məsələdir. Futbolçuların vəziyyətdən çıxmaq üçün kifayət qədər potensialı var. Məşqçilər də onların üzərində işləyirlər, nöqsanları çatdırırlar. "Qarabağ"la oyun günü bizim üçün uğursuz gün idi. Komanda potensialından daha zəif çıxış etdi. Həmin gün "Araz-Naxçıvan" sanki özünə bənzəmirdi. Bu da səbəbləri araşdırmaq üçün bizə əsas verdi. Bu ilin son oyununu evdə "Şamaxı"ya qarşı keçirəcəyik. Düşünürəm ki, müsbət nəticə qazanacağıq. Qarşıdan hazırlıq dönəmi gəlir. Səhvləri təhlil edib, nəticə çıxarıb və onun üzərində işləyib, növbəti oyunlara tam gücümüzlə hazırlaşmaq üçün vaxtımız var.
- "Qarabağ"a məğlubiyyət sanki komanda daxilində də problemlərin olduğunu göstərdi…
- Komanda həmin matçda potensialından zəif oynadı. Lakin məncə, səbəb komanda daxilindəki ab-hava, futbolçular arasında dostluq, mehribanlıq mühiti ilə bağlı deyil. Sadəcə, son oyunlarda futbolçular öz potensiallarını göstərə, məşqçilərin tapşırığını yerinə yetirə bilmirlər. Təbii ki, rəhbərlik narazıdır və bunu həm məşqçilər korpusuna, həm də futbolçulara bildirir. Amma təkcə futbolçuların üzərinə getməyək. Kollektiv olaraq vəziyyətdən çıxmaq üçün lazım olan işəri görürük. Ümid edirəm ki, nəticəsini görəcəyik. "Araz-Naxçıvan" 4 ay əvvəl avrokuboklarda mərhələ adlamış komandadır. Qısa müddətdə "qara zolaq"dan çıxacağımıza ümidimiz böyükdür.
- Baş məşqçi Elmar Baxşıyevin postundan gedəcəyi ilə bağlı söz-söhbətlər səngimir. Bu məsələdə klubun mövqeyi necədir?
- Biz də belə məlumatları mətbuatdan oxuyuruq. Elmar Baxşıyevin vəzifəsindən getməsi və ya rəhbərliklə görüşməsi faktı olsa, yəqin ki, ortaya qoyular. Bu səbəbdən klub olaraq açıqlama verməyə zərurət görmürük. Klubun icraçı direktoru kimi deyə bilərəm ki, belə məsələ yoxdur. Yazılanların heç biri həqiqəti əks etdirmir. Çünki hazırda işinin başındadır. Elmar müəllimlə rəhbərlik arasında görüş olmayıb və nəzərdə tutulmayıb. Baş məşqçi ötən ilin aprelindən komandanı idarə edir. Elmar müəllimlə bağlı gündəmdə hər hansı bir məsələ yoxdur. Fakt və belə bir niyyət olmadığı üçün açıqlama da vermək istəmirik. Düzdür, uğursuzluq olanda öncə baş məşqçi göndəmə gəlir. Amma komanda şəklində nöqsanlarımızı görməli və aradan qaldırmalıyıq.
- Rəhbərlik Elmar Baxşıyevlə yola davam etmək istəyir?
- Bəli. Elmar müəllimin istefası gündəmdə deyil. Onsuz da yox idi. Sadəcə, bunlar hər uğursuz oyundan sonra ortaya atılan iddialardır. Təbii ki, rəhbərliyin tələbləri var. Bu həm baş məşqçi, həm də futbolçular tərəfindən dərk olunur.
- Bu gedişatla mövsümün sonunda hədəflərə çatmaq mümkün olacaq?
- Turnir cədvəlində bizdən yuxarıda olan komandalarla aramızda elə də ciddi xal fərqi yoxdur. 3 xallıq sistemdə bu fərqi aradan qaldırmaq asandır. Sadəcə, komanda gücünü toplayıb mübarizəni davam etdirməlidir. Fikrimcə, buna nail olacağıq.
- Qarşıdan qış fasiləsi gəlir. Komandanın hazırlıq planı məlumdur?
- Elmar müəllimlə bu məsələni müzakirə etmişik. Hazırda builki son oyunumuza köklənmişik. Bütün diqqətimizi "Şamaxı" ilə matça yönəltmişik. Yeni ilə yüksək əhval-ruhiyyə ilə daxil olmaq istəyirik. Məşqçilərin planı əsasında işimizi quracağıq. Onu deyə bilərəm ki, hazırlığı Azərbaycanda keçəcəyik. Ölkə xaricinə yollanmaq niyyətimiz yoxdur.
- Səbəb nədir?
- Səbəb vaxt azlığıdır. Gələn il yanvarın 5-də və ya 6-da toplanışa start vermək istəyirik. Əcnəbi futbolçular da yanvarın 7-nə qədər komandaya qoşulacaqlar. Fasilədən sonra, yanvarın 23-də isə Misli Premyer Liqasında ilk oyunumuz olacaq. Ölkə xaricinə gedib-gəlmək bir neçə gün vaxtımızı alar. Belədə toplanış üçün 13-14 gün vaxt qalır. Üstəlik, yoldaşlıq oyunları da olacaq. Belədə başqa ölkəyə yollanmaq nə qədər doğru olar? Vaxt baxımından bizə sərf etmir.
- Qış "transfer pəncərəsi"ndə komandada dəyişikliklər gözlənilir?
- Demək olar ki, dəyişiklik gözlənilmir. Amma yenə də baş məşqçi rəhbərliklə görüşəndə bu məsələlər müzakirə oluna bilər. Hansısa futbolçu göndəriləcəyi təqdirdə, əvəzinə yeni transferin həyata keçirilməsi istisna deyil. Görünən odur ki, çox cüzi dəyişiklik ola bilər. Hətta deyərdim ki, cəmi bir futbolçu transferi həyata keçirilə bilər. Hazırda danışıq apardığımız oyunçular yoxdur.

