Formula 1 Azərbaycan Qran-Prisinin keçirilmə yerinin dəyişdirilərək “Sea Breeze”ə köçürülməsi ideyası yenidən gündəmə gəlib.
Lent.az-ın məlumatına görə, bu barədə “Sea Breeze”in sahibi, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov “Instagram” hesabında etdiyi paylaşımda bildirib.
Ağalarov paylaşımda deyib ki, uzun müddətdir “Sea Breeze”də Formula 1 üçün tras tikilməsinin planlaşdırılması barədə şayiələr dolaşır: “Əslində bu, böyük hazırlıq tələb edən önəmli bir hadisədir. Bunun üçün Formula 1 memarlarını, faktiki olaraq bütün trasların layihəsini hazırlamış “Tilke” şirkəti ilə əlaqədəyik”.
E.Ağalarov bildirib ki, 2030-2031-ci illərə qədər trası ətraf infrastruktur ilə birgə inşa etmək mümkün olarsa, nəzəri olaraq Formula yarışları “Sea Breeze”ə köçürülə bilər.
Bununla belə, o bu məsələ ilə bağlı konkret razılaşmaların olmadığını diqqətə çatdırıb: “Lakin bizim ona doğru getdiyimiz bir arzumuz var. Arzu etdiyimiz hər şey reallaşıb. Ona görə də “Sea Breeze”də Formula 1 uzaqda deyil”.
İş adamı həmçinin paylaşımına vizual olaraq Formula 1 yarışının “Sea Breeze”də necə görünə biləcəyini, eləcə də özünün, sanki, yarış maşını idarə etməsini əks etdirən görüntülər də əlavə edib.
Sizin brauzer video tagını dəstəkləmir. Formula 1 Emin Ağalarov Sea BreezeMənbə: lent.az