"Barselona" "Marsel" klubunun yarımmüdafiəçisi Meyson Qrinvudla müqavilə imzalamağa hazırlaşır.
"Report"un "TEAMtalk"a istinadən məlumatına görə, 24 yaşlı ingilis futbolçu, əvvəllər "Mançester Yunayted"in ən perspektivli oyunçularından biri hesab edilən Qrinvud futbol elitasına qayıdış uğrunda mübarizəsini davam etdirir.
Mənbənin məlumatına görə, Kataloniya klubu Qrinvudun transferinə maraq göstərib, lakin rəhbərlik mümkün ictimai rezonans və reputasiya risklərindən ehtiyatlanır. Oyunçunun özü agentlərinə Avropanın aparıcı klublarından birinə keçid üçün dəstək verməyi tapşırıb.
Cari mövsümdə Qrinvud "Marsel"də 21 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun "Xetafe"də icarəsi və Fransız klubundakı çıxışları yüksək oyun səviyyəsini nümayiş etdirib ki, bu da "Barselona"nın diqqətini cəlb edib.
Qrinvuda 2022-ci ildə təcavüz cəhdi, hücum və nəzarətçi davranış ittihamları irəli sürülmüşdü, lakin 2023-cü ildə əsas şahidlərin ifadələrini geri çəkməsindən sonra iş bağlanmışdı. Buna baxmayaraq, reputasiya ilə bağlı məsələlər hələ də onun karyerasına təsir göstərir və İngiltərə klubları ictimaiyyətin mənfi reaksiyasından və sponsorlarla problemlərdən ehtiyatlanaraq ona ehtiyatla yanaşırlar.