ABŞ-da Arizona ştatının 12 yaşlı sakini Medilin Devis 79 santimetr uzunluğunda durna balığı tutaraq unikal dünya rekordu müəyyənləşdirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, iyul ayında qız valideynləri ilə birlikdə Long Lake gölünə balıq tutmağa gedib. Onun əsas məqsədi rekord qırmaq olub. Lakin uzun müddət bəxti gətirməyib.
Səfərin son günü, iyulun 4-də ailəsi artıq geriyə dönməyə hazırlaşanda Medilin sonuncu dəfə tilovu suya atmaq qərarına gəlib. Məhz bu cəhd həlledici olub. Gənc balıqçı əvvəlcə tilov sapının su bitkilərinə ilişdiyini düşünüb, lakin az sonra güclü dartılma hiss edib. Atası tilovun demək olar ki, ikiqat əyildiyini görərək qızını ruhlandırmağa başlayıb. Medilin yırtıcı balığı sudan çıxarmaq üçün təxminən beş dəqiqə gərgin mübarizə aparıb.
Tutulan balıq Beynəlxalq İdman Balıqçılığı Assosiasiyasının (IGFA) rekordlar cədvəli ilə müqayisə edilərək ölçülüb və daha sonra yenidən suya buraxılıb. Sentyabr ayında rekord rəsmi şəkildə təsdiqlənib. Bununla da Devis tutduğu durna balığının uzunluğuna görə dünyada bu yaş kateqoriyasında rekord müəyyənləşdirən ilk gənc balıqçı olub.
Bildirilir ki, həmin yaş kateqoriyası rekordlar reyestrinə yaxın vaxtlarda əlavə edilib.
dünyadan xəbərlər maraq maraqlı xəbərlər balıq tutmaq rekordlar durna balığıMənbə: lent.az