IMG-LOGO

Almaniya hərbi gəmilərinin bir hissəsini Hörmüz boğazına daha yaxın köçürür

25 Apr 2026 06:26 5 baxış
IMG

Almaniya gələcəkdə "vaxt itirməmək" üçün hərbi gəmilərini əvvəlcədən Hörmüz boğazı istiqamətinə yönəldəcək.

"Report" xəbər verir ki, bu barədə Almaniyanın müdafiə idarəsinin rəhbəri Boris Pistorius "Rheinische Post" nəşrinə müsahibəsində bildirib.

"Vaxta qənaət etmək məqsədilə biz alman bölmələrinin bir hissəsini əvvəlcədən Aralıq dənizinə göndərmək qərarına gəldik ki, daha sonra, [Bundestaqın] mandatını aldıqdan sonra vaxt itirməyək", - o izah edib.

Pistorius dəqiqləşdirib ki, Aralıq dənizi regionuna mina təmizləyən gəmi və təchizat gəmisi göndəriləcək.

O həmçinin qeyd edib ki, Bundestaq onların sonradan Hörmüz boğazı ərazisinə göndərilməsini ən qısa müddətdə təsdiq etmək imkanına malikdir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

Xəbər lenti