Boliviyanın Santa-Krus departamentində baş verən daşqınlar nəticəsində ən azı 20 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Alfredo Troşe məlumat verib.
"Ölənlərin sayı 20-yə çatıb. 20-dən çox insan hələ də itkin düşüb. Təəssüf ki, suyun səviyyəsi azaldığı və xilasedicilər daşqınlardan qaça bilməyənlərin cəsədlərini axtardığı üçün ölənlərin sayının artacağı ehtimal olunur", - deyə o, Boliviya televiziyasında bildirib.
Departament rəhbərliyi bölgəni fəlakət zonası elan edib. El-Torno bələdiyyəsində daşqınlardan 600-dən çox ailə zərər çəkib.
Qeyd edək ki, 13 dekabrda Santa-Krusda güclü yağışlar bir neçə çayın məcrasından çıxmasına səbəb olub.