Azərbaycan və Böyük Britaniya arasında aviasiya sahəsində perspektiv əməkdaşlıq müzakirə edilib.
"Report" bu barədə Milli Aviasiya Akademiyasına (MAA) istinadən xəbər verir.
Müzakirələr Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin ölkədə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Olderdaysla keçirilən görüşdə baş tutub.
Görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld, "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Samir Rzayev, Britaniya səfirliyinin nümayəndələri Aleks Tyurrel və Elvin Rzayev, MAA-nın prorektorları Ədalət Səmədov və Gülnarə Əhmədova, Təlim Mərkəzinin baş direktoru Aqil Heydərov iştirak edib.
A. Paşayev qeyd edib ki, Azərbaycan ilə Böyük Britaniya arasında neft-qaz sahəsindəki birgə əməkdaşlığı dünya miqyasında bir nümunədir. Söhbət zamanı Böyük Britaniya şirkətlərinin AZAL, "Silk Way Holding" və Milli Aviasiya Akademiyası ilə çoxillik səmərəli əlaqələri barədə danışılıb. Akademik bildirib ki, 2000-ci illərdə Azərbaycan "Boeing 757" təyyarələrinin istismarına başladıqda AZAL və MAA-nın Böyük Britaniyanın "Rolls-Roys" şirkəti ilə sıx işbirliyi qurulub.
AZAL-ın prezidenti Samir Rzayev Böyük Britaniya ilə olan sıx əlaqələrdən danışaraq qeyd edib ki, bu əlaqələrin əsasını Bakı ilə London arasındakı birbaşa təyyarə reysləri ilə yanaşı, uçuşların təhlükəsizliyinin idarə olunmasında, naviqasiya sistemlərinin və aeroportların əməliyyat strukturlarının təkmilləşdirilməsində, təyyarələrin uçuş yararlığının saxlanılmasında və digər vacib məsələlərin həllində Azərbaycan ilə Böyük Britaniya şirkətləri arasındakı birgə əməkdaşlıq təşkil edir.
Daha sonra akademik Arif Paşayev 2009-2010-cu illərdə MAA-da Böyük Britaniyanın "Thales" şirkətinin istehsalı olan "Airbus A320", "Boeing 757/767" və "ATR 42/72" hava gəmilərinin uçuş simulyatorları quraşdırıldığını qeyd edib. Son 2 ildə "Acron Aviation" (əvvəlki "Thales" və "L3 Harris") şirkətinin daha 3 trenajoru - "Boeing 777-200LR/F/300ER", "Boeing 787-9" təyyarələrinin simulyatorları və "Airbus A320" təyyarəsinin FPT (Flat Panel Trainer) prosedur trenajoru MAA-da quraşdırılıb.
Akademiyanın Təlim Mərkəzində hazırda fəaliyyət göstərən 8 uçuş simulyatorundan 5-i "Acron Aviation" şirkətinə məxsusdur. Qeyd olunub ki, MAA-nın uçuş trenajorlarının ilk beynəlxalq sertifikasiyası da məhz İngiltərənin mülki aviasiya agentliyi tərəfindən həyata keçirilib. Bunlarla yanaşı AZAL, "Silk Way Holding" və MAA mütəxəssisləri Böyük Britaniya şirkətlərində uçuş və texniki heyətin, təlimatçıların, mühəndislərin, peşəkar ingilis dili müəllimlərinin hazırlığı və digər təlimlərdə iştirak edib. Söhbət zamanı qonaqlara Akademiyanın infrastrukturu, beynəlxalq əlaqələri, fakültə və kafedraları, ixtisasları, tələbə və məzunları, elmi tədqiqat və təlim-tədris prosesi haqqında geniş məlumat verilib. Bir sıra ixtisas proqramlarının hazırlanmasında Böyük Britaniyanın Kinqston və Qrenfild universitetlərinin təcrübəsindən istifadə edildiyi qeyd olunub.
Tərəflər Azərbaycan aviasiyasının inkişaf istiqamətləri, Böyük Britaniya ilə mövcud əməkdaşlıq və perspektivlər barədə fikir mübadiləsi aparıblar. Daha sonra qonaqları maraqlandıran suallar cavablandırılıb. Lord Con Olderdays və səfir Fergus Auld MAA-da olduqlarlarından məmnunluq bildiriblər.
Sonra qonaqlar Milli Aviasiya Akademiyasının Təlim Mərkəzində "Acron Aviation" şirkətinin nümayəndələrinin də iştirakı ilə yeni istifadəyə verilmiş "Boeing-787" simulyatorunda yaradılan təlim şəraiti ilə tanış olublar.







