Astarada kişi arvadını döyüb.
Lent.az xəbər verir ki, hadisə Rüdəkənar kəndində qeydə alınıb.
53 yaşlı Nəcəf Qəribov (ad və soyad şərtidir) axşam yeməyi zamanı spirtli içki içib. Bu zaman o, həyətdəki inəyin birini satıb Bakıya işləməyə gəlmək fikrini arvadına danışıb. Arvadı isə “Sən mənim üçün inək almamısan ki, satasan” deyə Nəcəfə cavab verib. Bundan əsəbiləşən kişi yumruqla arvadının gözünə, həmçinin yumruq, sillə və təpiklə bədəninin digər nahiyələrinə zərbələr vurub. Nəticədə qadın bir sıra yüngül xəsarətlər alıb.
Zərərçəkən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək, məlumat verib. Nəcəf Qəribov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.
Zərərçəkən qadın ifadəsində əri ilə barışdığını və ona qarşı şikayəti olmadığını bildirərək, işə xitam verilməsini istəyib.
Astara rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və Nəcəf Qəribov məsuliyyətdən azad olunub.
Hadisələr