ABŞ Prezidenti Donald Tramp Ağ Evin nəzdindəki Milli İqtisadi Şuranın rəhbəri Kevin Hassetin və ya FES-in İdarə Heyətinin keçmiş üzvü Kevin Uorşun Federal Ehtiyat Sisteminin (FES) sədri vəzifəsinə namizədliyini irəli sürməyə meyllidir.
"Report" xəbər verir ki, bu barədə Amerika lideri "The Wall Street Journal" (WSJ) qəzetinə müsahibəsində bildirib.
"Düşünürəm ki, (namizədlər siyahısında-red) ilk sətirləri Kevin (Uorş) və Kevin (Hasset) tutur. Kevinlərin hər ikisi əladır", - Tramp deyib və hələ bir neçə əla namizədin də olduğunu qeyd edib.
Qəzetin məlumatına görə, çərşənbə günü Amerika lideri Uorşla 45 dəqiqəlik söhbət edib və bu müddət ərzində namizəddən FES-in rəhbəri təyin olunacağı təqdirdə baza faiz dərəcəsinin azaldılmasını dəstəkləyəcəyinə inanmağın mümkün olub-olmadığını soruşub.
"O (Uorş - red.) hesab edir ki, faiz dərəcəsi azaldılmalıdır. Danışdığım hər kəs belə düşünür", - Ağ Evin sahibi WSJ-nin əməkdaşı ilə söhbət edərkən deyib.
Tramp ümid edir ki, bir il ərzində hazırda 3,5-3,75 % olan baza faiz dərəcəsi 1% və ya daha az olacaq.
ABŞ Prezidentinin sözlərinə görə, FES-in növbəti rəhbəri bu məsələ ilə bağlı onunla məsləhətləşməli olacaq. "Bu o demək deyil ki, o, tam olaraq dediklərimizi etməyə borclu olacaq. Ancaq mənim fikrim mütləq məqbuldur və dinlənilməlidir", - Ağ Evin rəhbəri hesab edir.