Dünyanın ən genişmiqyaslı qlobal xəstəlik araşdırma proqramı olan Qlobal Xəstəlik Yükünün (GBD) apardığı tədqiqatlar qorxunc proqnozları üzə çıxarıb.
Lent.az xəbər verir ki, tədqiqatların nəticələrinə görə zəruri tədbirlər görülməsə, dünyada xərçəngdən ölüm hallarının 2050-ci ilə qədər ikiqat artacağı gözlənilir.
Tədqiqat aparan mütəxəssislər xüsusən də Cənubi Asiya və Afrikanın bəzi bölgələrində vəziyyəti vurğulayaraq bildiriblər ki, milyonlarla insanın qarşısı alına bilən və ya müalicə edilə bilən xərçəng xəstəlikləri səbəbilə ölüm riski altındadır.
1990-2023-cü illəri əhatə edən məlumatları araşdıran və 2050-ci il üçün proqnozlar hazırlayan tədqiqat qrupu, xərçəngin artıq yalnız yüksək gəlirli ölkələr üçün problem olmadığını üzə çıxarıb. Tədqiqata görə, xərçəng yükünün artan bir hissəsi aşağı və orta gəlirli ölkələrə keçir.
Araşdırmaya görə, 2023-cü ildə dünyada 18,5 milyon yeni xərçəng hadisəsi aşkar edilib və 10,4 milyon insan xərçəngdən ölüb. Bu rəqəm göstərir ki, dünyada hər altı ölümdən biri xərçəngdən qaynaqlanır. Qeyd edilib ki, xərçəng ölümlərinin üçdə ikisindən çoxu aşağı və orta gəlirli ölkələrdə baş verir.
Tədqiqatda bildirilib ki, 2023-cü ildə xərçəng ölümlərinin 41,7%-i dəyişdirilə bilən risk faktorları ilə bağlıdır. Tütün və spirtli içkilərin istifadəsi, sağlam olmayan pəhriz, yüksək bədən kütlə indeksi, hava çirkliliyi, zərərli iş və ətraf mühit şəraiti bu ölümlərdə mühüm rol oynayıb.
Mütəxəssislər vurğulayıblar ki, sağlam həyatı təşviq edən effektiv dövlət siyasəti və qaydaları vasitəsilə hər il milyonlarla xərçəng hadisəsinin qarşısı alına bilər.
Otuz ildən çox davam edən məlumatlardan istifadə edən proqnozlara görə, 2050-ci ildə dünyada təxminən 30,5 milyon yeni xərçəng hadisəsi baş verə bilər və illik xərçəng ölümləri 18,6 milyona çata bilər. Bu rəqəmlər bugünkü səviyyənin demək olar ki, ikiqatını təmsil edir.
Mütəxəssislərin fikrincə, əhali artımı və yaşlanma bu artıma səbəb olan amillər olsa da, həyat tərzi dəyişiklikləri, urbanizasiya, pisləşən hava keyfiyyəti və iqtisadi transformasiya da xərçəng riskini artırır. Lazımi müdaxilələr həyata keçirilməsə, bu tendensiyanın davam edəcəyi proqnozlaşdırılır.
xərçəng