Rəqəmsal transformasiya, süni intellektin sürətli inkişafı, qlobal təchizat zəncirlərinin yenidən formalaşması sənaye mühitində risklərin strukturunu tamamilə yenidən formalaşdırır.
"Report" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi yanında Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev Bakıda keçirilən "Sənaye Təhlükəsizliyi Zirvəsi 2025" tədbirində bildirib.
Onun sözlərinə görə, hazırsa dünyada sənaye, risklərin mahiyyəti dəyişir: "Bu, daha çevik, daha qabaqcıl və daha məsuliyyətli qərarlar tələb edir".
V.Ağayev qeyd edib ki, hazırda sənaye təhlükəsizliyi yalnız texniki məsələ deyil: "O, milli təhlükəsizlik, iqtisadi dayanıqlıq və insan həyatının qorunmasının əsas sütunlarından biridir. Yeni dövrün təhlükəsizlik modeli - rəqəmsal, öncədən xəbərdarlığa əsaslanan və real vaxtda reaksiya verən sistemlərdən ibarətdir. İnnovativ monitorinq qurğuları, süni intellekt əsaslı risk analizləri, avtomatlaşdırılmış istehsal prosesləri - bütün bunlar sənayenin gələcəyini müəyyənləşdirən əsas dayaqlardır. Bu transformasiyanın uğuru isə yalnız bir formada mümkündür: dövlət və özəl sektorun güclü, səmərəli və etibarlı tərəfdaşlığı".
Onun sözlərinə görə, qarşıdakı illərdə bu istiqamətdə böyük və iddialı hədəflər var: "Bunlar, təhlükəsizlik standartlarının beynəlxalq tələblərə uyğun yenilənməsi, peşəkar kadr potensialının gücləndirilməsi, rəqəmsal nəzarət infrastrukturunun genişləndirilməsi və ən vacibi, təhlükəsiz davranış mədəniyyətinin cəmiyyətin bütün qatlarında möhkəmləndirilməsidir".