IMG-LOGO

Kino tarixində ilk: Maykl Cekson haqqında film 1 milyard dollar qazandı

14 Jul 2026 13:46 3 baxış
IMG
1 0

Pop musiqisinin əfsanəsi Maykl Ceksonun həyatından bəhs edən "Michael" filmi dünya kino tarixində yeni rekorda imza atıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, ekran əsərinin gəliri qlobal kassada 1 milyard dolları keçərək bu göstəriciyə çatan ilk bioqrafik film olub.

Film nümayişə başladığı gündən etibarən dünyanın müxtəlif ölkələrində böyük maraqla qarşılanıb. Şimali Amerikada 371,8 milyon dollar, beynəlxalq bazarda isə 629,8 milyon dollar gəlir əldə edən ekran əsərinin ümumi kassası 1 milyard 1 milyon dollara yüksəlib. Maykl Ceksona böyük marağın olduğu Yaponiya 35,75 milyon dollarlıq gəlirlə filmin bu tarixi həddi keçməsində mühüm rol oynayıb.

"Michael" 2026-cı ilin ikinci milyardlıq filmi oldu

"Michael" həm də 2026-cı ildə qlobal kassada 1 milyard dolları keçən ikinci film kimi tarixə düşüb. Hazırda ilin ən çox gəlir gətirən filmi 1 milyard 8 milyon dollarla "The Super Mario Galaxy Movie"dir. Disneyin "Toy Story 5" filmi isə indiyədək topladığı 879,1 milyon dollar gəlirlə siyahıda üçüncü pillədədir.

Tənqidlər rekordun qarşısını ala bilmədi

Aprel ayında nümayişə çıxan "Michael" filmi həm çəkiliş prosesi ətrafında yaranan müzakirələrə, həm də kino tənqidçilərinin sərt rəylərinə baxmayaraq bu böyük kommersiya uğuruna nail olub. Bir sıra tənqidçilər filmin Maykl Ceksonun həyatındakı mübahisəli məqamlara toxunmadığını, xüsusilə də müğənninin sonrakı illərdə üzləşdiyi uşaq istismarı iddialarını demək olar ki, kənarda saxladığını bildiriblər. Onların fikrincə, ekran əsəri sənətçinin həyatını daha "steril" formada təqdim edir. Filmin istehsalçısı Lionsgate isə tanıtım kampaniyasında əsas diqqəti musiqili səhnələrə və sənətçinin yaradıcılığına yönəldib.

Bir neçə rekordu eyni anda yenilədi

"Michael" əldə etdiyi nəticə ilə 2018-ci ildə çəkilmiş və 911 milyon dollar gəlir gətirən "Bohemian Rhapsody"ni geridə qoyaraq tarixdə ən çox gəlir əldə edən musiqili bioqrafiya filmi olub.

Ekran əsəri eyni zamanda Kristofer Nolanın 975 milyon dollar gəlir qazanan və 7 "Oskar" mükafatına layiq görülən "Oppenheimer" filmini də geridə qoyaraq bütün dövrlərin ən gəlirli bioqrafik filmi adına sahib çıxıb.

Film həmçinin Lionsgate studiyasının tarixində ən çox gəlir gətirən ekran əsəri və studiyanın ilk milyard dollarlıq layihəsi olub. Bundan əvvəl studiyanın rekordları "The Hunger Games: Catching Fire" (865 milyon dollar) və "The Twilight Saga: Breaking Dawn – Part 2" (850 milyon dollar) filmlərinə məxsus idi.

Film ilk həftəsonunda ABŞ-da 97 milyon, dünya üzrə isə 217 milyon dollar gəlir əldə edərək 2015-ci ildə çəkilmiş "Straight Outta Compton" filminin rekordunu yeniləyib və musiqili bioqrafiya filmləri arasında ən uğurlu açılışa imza atıb. Tamaşaçıların müsbət rəyləri və filmin dəfələrlə izlənilməsi onun yay mövsümündə də kassada lider mövqeyini qorumasına kömək edib.

Yaradıcı heyətdən ilk açıqlamalar

Antuan Fukua tərəfindən çəkilən, ssenarisini Con Loqanın yazdığı "Michael" filmi Maykl Ceksonun "Jackson 5" qrupundakı ilk illərindən başlayaraq "Pop kralı"na çevrilməsinə qədər olan həyat yolunu xronoloji şəkildə təqdim edir.

Filmdə Maykl Ceksonu onun real həyatda qardaşı oğlu olan Jafar Cekson canlandırıb. Rollarda həmçinin, Kolman Dominqo, Nia Lonq, Mayls Teller, Culiano Valdi, Lora Harrier və Mayk Mayers yer alıblar.

Filmin böyük uğurundan sonra Lionsgate-in Maykl Ceksonun həyatından bəhs edən ən azı daha bir davam filmini hazırlayacağı gözlənilir.

Rekorddan sonra rejissor Antuan Fukua bildirib ki, bu uğur dünyanın gördüyü ən böyük sənətkarlardan birini yad etmək üçün bir araya gələn bütün yaradıcı komandanın əməyinin nəticəsidir. Prodüser Qrem Kinq isə müxtəlif yaş qruplarından olan insanların dünyanın hər yerində kinoteatrlarda bu filmi birlikdə izləməsinin xüsusi sevindirici hal olduğunu vurğulayıb.

Lionsgate Motion Picture Groupun rəhbəri Adam Foqelson və Universal Pictures International-ın prezidenti Veronika Kvan Vandenberq də açıqlamalarında yaradıcı heyətə və aktyor kollektivinə təşəkkür edərək "Michael" filminin adi bir kino layihəsini aşaraq qlobal mədəni fenomenə çevrildiyini bildiriblər.

Maykl Cekson kino bioqrafiya filmi

Mənbə: lent.az

Xəbər lenti