Evdə internetdən istifadə zamanı Wi-Fi-nin zəifləməsi və ya səhifələrin gec açılması bir çox istifadəçinin qarşılaşdığı problemlərdəndir. Mütəxəssislər bildirirlər ki, belə hallarda ən sadə həll yollarından biri routeri yenidən işə salmaqdır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, router sadəcə interneti paylayan cihaz deyil.
O, öz əməliyyat sistemi, yaddaşı və arxa planda işləyən prosesləri olan kiçik kompüterdir. Adi kompüterlərdə olduğu kimi, zaman keçdikcə proqram xətaları, yaddaşın dolması və bəzi proseslərin ilişib qalması internetin sürətinin azalmasına, Wi-Fi bağlantısının qırılmasına və cihazların şəbəkəyə qoşulmasında problemlərə səbəb ola bilər.
Belə hallarda routerin yenidən işə salınması müvəqqəti yaddaşı təmizləyir, ilişib qalan prosesləri dayandırır və əməliyyat sistemini yenidən başladır. Bu da cihazın daha stabil işləməsinə kömək edir.
Routeri nə qədər tez-tez yenidən işə salmaq lazımdır?Mütəxəssislər bildirirlər ki, bununla bağlı dəqiq qayda olmasa da, routeri ayda bir dəfə yenidən işə salmaq ən optimal seçim hesab olunur. Bu, kiçik texniki problemlərin yığılmasının qarşısını alır və cihazın daha səmərəli işləməsini təmin edir.
Bəzi müasir router modellərində isə avtomatik yenidən başlatma funksiyası mövcuddur. İstifadəçilər cihazı həftədə və ya ayda bir dəfə gecə saatlarında avtomatik olaraq yenidən işə düşəcək şəkildə proqramlaşdıra bilərlər.
Əgər internetin sürəti azalıbsa, bağlantı tez-tez kəsilirsə və ya digər problemlər müşahidə olunursa, routeri planı gözləmədən dərhal yenidən işə salmaq tövsiyə edilir.
Routeri düzgün şəkildə necə yenidən başlatmaq olar?Bir çox istifadəçi routeri söndürüb dərhal yenidən işə salır. Ancaq mütəxəssislər bunun kifayət etmədiyini bildirirlər.
Onların sözlərinə görə, cihaz elektrik şəbəkəsindən tam ayrılmalı və ən azı 30 saniyə gözlənilməlidir. Bu müddət ərzində router tam enerjisiz qalır və bütün daxili proseslər dayanır.
Daha sonra cihaz yenidən qoşulduqda internet provayderi ilə əlaqənin bərpa olunması bir neçə dəqiqə çəkə bilər. Buna görə internet dərhal aktiv olmazsa, narahat olmağa ehtiyac yoxdur.
"Reset" düyməsi ilə yenidən başlatmanı qarışdırmayınMütəxəssislər xəbərdarlıq edirlər ki, routeri yenidən başlatmaqla "Reset" düyməsinə basmaq eyni şey deyil.
"Reset" düyməsi cihazı zavod parametrlərinə qaytarır və istifadəçinin Wi-Fi adı, şifrə və digər bütün fərdi sazlamalarını silir. Adi yenidən başlatma isə yalnız cihazı söndürüb yenidən işə salır və bütün mövcud parametrləri olduğu kimi saxlayır.
Bununla yanaşı, internetdə yaranan hər problem routerdən qaynaqlanmır. Bəzən səbəb internet provayderindəki nasazlıq, routerin evdə düzgün yerləşdirilməməsi və ya şəbəkəyə qoşulan digər cihazlarda yaranan problemlər ola bilər.
Mütəxəssislər qeyd edirlər ki, routerlər orta hesabla 3-5 il istifadə olunur. Bu müddətdən sonra onların məhsuldarlığı zəifləyə və nasazlıqlar daha tez-tez baş verə bilər. Belə hallarda yeni cihaz almaq daha məqsədəuyğun hesab edilir.
modem texno router internetMənbə: lent.az