Almaniya Federal Hökuməti qanunsuz miqrasiya ilə mübarizə tədbirlərinin sərtləşdirilməsi barədə bəyanatlara baxmayaraq, sığınacaq tələbi rədd edilmiş şəxslərə Almaniyada qalmaq və deportasiya olunmamaq üçün yolları izah edən onlayn platformanı maliyyələşdirir.
“Report” xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat verib.
Konkret olaraq söhbət “Handbook Germany” portalından gedir. Burada sığınacaq axtaranların Almaniyada necə qala biləcəkləri barədə ətraflı tövsiyələr tapmaq olar və bu tövsiyələr ərəb, puştu və türk dili də daxil olmaqla doqquz dildə dərc edilib. Xüsusilə deportasiya günü uşağı tapmaq mümkün olmadıqda və ya sonradan hərbi travma barədə məlumat verildikdə deportasiyanın baş tutmayacağı qeyd olunur. Həmçinin kilsəyə müraciət etmək tövsiyə olunur.
“Əgər deportasiyadan çox qorxursunuzsa, istənilən kilsədən sığınacaq istəyə bilərsiniz”, – portalda qeyd olunub. Bunun üçün xristian olmaq heç də vacib deyil. Bundan əlavə, portal bildirib ki, doğma ölkəsinin pasportu olmayan şəxs Almaniyadan deportasiya edilə bilməz.
Layihə Almaniya hökumətinin miqrasiya üzrə komissarı Rey Alabali-Radovan (SDP) tərəfindən maliyyələşdirilir. 2022-ci ildə bunun üçün büdcə vəsaitlərindən təxminən 777 min avro, 2023-cü ildə isə 300 min avroya yaxın vəsait ayırıb.
Bizim WhatsApp kanalımıza abunə olun