BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən keçirilən “29 İqlim Söhbəti: COP29-a gedən yol” adlı silsilə strateji tədbirlər proqramı çərçivəsində yerli media nümayəndələrinə "COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarı keçirilib.
"Report" xəbər verir ki, bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) hazırlıqla bağlı keçirilən tədbirdə medianın bu sahədə fəaliyyətinin effektivliyinin əhəmiyyəti vurğulanıb.
Açılış nitqi ilə çıxış edən BMT-nin İqlim Dəyişmələri Çərçivə Konvensiyasının əməkdaşı Aleksandr Saier konvensiyanın əsasının 1992-ci ildə qoyulduğunu xatırladıb. O bildirib ki, Çərçivə Konvensiyasına 197 ölkə və Avropa İttifaqı qoşulub:
"Biz iqlim dəyişmələri haqqında hesabatlar hazırlayır, bununla əlaqədar müxtəlif qurumlara və ölkələrə köməklik göstəririk. Hesabatlar cəmləndikdən sonra isə vacib qərarların qəbulu üçün COP tədbirləri keçirilir. Hər kəsə tanış olan Paris sazişi hazırda iqlim problemlərinin qarşısının alınması ilə bağlı ən vacib saziş hesab edilir. Paris sazişinə əsasən, üzv olan ölkələr iqlim dəyişikliyinin yaratdığı problemləri azaltmaq məqsədilə tədbirlər planı hazırlamalıdırlar. Hər beş ildən-bir yeni tədbirlər planı hazırlanmalı, təqdim edilməlidir. Növbəti tədbirlər planı 2025-ci ildə təqdim ediləcək".
A.Saier vurğulayıb ki, əsas hədəf kimi iqlim dəyişmələri 1,5 dərəcə çərçivəsində saxlanmalıdır:
"Nəzərə almaq lazımdır ki, son illərdə iqlim dəyişmələrinin sürətlənməsi problemləri aradan qaldırmaq üçün daha çox vəsaitin tələb olunmasına gətirib çıxarır. Ona görə Bakıda keçiriləcək COP29 tədbiri zamanı iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması üçün sərf ediləcək maliyyə hədəflərinin seçilməsi diqqət mərkəzində olacaq".
Seminar çərçivəsində təşkil edilən "Qlobal və Yerli İqlim Gündəliyi" mövzusunda panel müzakirədə çıxış edən COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib ki, iqlim dəyişmələri hazırkı ssenari ilə davam etsə və ya daha da ağırlaşsa, dünyanı böyük fəlakət gözləyir:
"Bunun qarşısını almaq üçün BMT-yə üzv dövlətlər, eləcə də Rio konvensiyasına və Paris sazişinə tərəfdaş dövlətlər ciddi və nəticəyönümlü addımlar atmalıdır. COP29 konfransının bu istiqamətdə əsas məqsədlərindən biri iqlim dəyişmələri ilə mübarizə üçün 100 milyard dollarlıq yuxarı həddin müəyyənləşdirilməsidir. Düşünürəm ki, COP29 üçün nəzərdə tutulan məqsədlərə nail olacağıq".
COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova isə konfransın qarşısında konkret hədəflər qoyulduğunu söyləyib. O qeyd edib ki, həmin hədəflərə çatmaq üçün COP29 Əməliyyat Şirkətinə peşəkar kadrlar cəlb olunub:
N.Carçalova bildirib ki, artıq Bakı Olimpiya Stadionunda hazırlıq işlərinə başlanılıb: "COP-29-un keçiriləcəyi məkan "mavi zona" adlanır. Oradakı yerlər "A, B, C, D, E" zonalarına bölünüb. Media əməliyyatları "D" zonasında həyata keçiriləcək. Bir də "V.I.P" ərazi var ki, bura müxtəlif ölkələrin dövlət və hökumət başçıları üçün nəzərdə tutulub. COP29-a ev sahibliyi Azərbaycan üçün geniş mənfəət vəd edir. Mən bu mənfəəti, ilk növbədə, onun qazandıracağı insan kapitalında görürəm. Bunu da nəzərə almaq lazımdır ki, bu regionda ilk iqlim konfransı məhz Azərbaycanda keçiriləcək".
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andeeva isə COP29-un keçirilməsinin böyük məsuliyyət olduğunu vurğulayıb:
"Qeyd etməliyəm ki, 35 qlobal institut iqlim dəyişmələri ilə mübarizə məqsədlərini müəyyənləşdirmək, icrasına nəzarət etmək üçün bir araya gəlib. Mən bu konfransın təşkilində iştirak edən hər kəsə təşəkkür edirəm. Xüsusilə, qeyd etmək istəyirəm ki, BMT iqlim dəyişikliyinin qarşısını almağa yönələn bütün təşəbbüsləri dəstəkləyir. Biz, həmçinin təmsil etdiyim qurumla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlıyıq".
Bizim Telegram kanalımıza abunə olun