IMG-LOGO

ABŞ, Fransa və Britaniya icazə verdi - Ukrayna Rusiyanı bu raketlərlə vuracaq

17.11.2024 23:59 46 baxış
IMG

ABŞ prezidenti Co Bayden Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli raketlərdən istifadə etməklə zərbə endirməsinə icazə verib.

Lent.az xəbər verir ki, bu barədə “The New York Times“ qəzeti məlumat yayıb.

Mənbələrin “Reuters“ agentliyinə bildirdiyinə görə Ukrayna yaxın günlərdə Kursk bölgəsinə uzaqmənzilli ATACMS raketləri ilə ilk zərbələr endirməyi planlaşdırır.

“The New York Times“ qəzetinin yazdığına görə isə ATACMS raketləri çox güman ki, ilkin olaraq Rusiyanın qərbindəki Kursk bölgəsində Ukrayna qoşunlarını qorumaq üçün Rusiya və Şimali Koreya qüvvələrinə qarşı istifadə olunacaq.

ATACMS raketlərinin uçuş məsafəsinin 190 mil və ya 305 km olduğu bildirilir.

ABŞ-dan sonra Fransa və Böyük Britaniya da SCALP/ “Storm Shadow” uzaqmənzilli raketləri ilə Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə icazə verib. Bu haqda öz mənbələrinə istinadən “Le Figaro” qəzeti məlumat yayıb.

Məlumat hələlik Fransa və Böyük Britaniya rəsmiləri tərəfindən təsdiq olunmayıb.

SCALP/“Storm Shadow” raketlərinin uçuş məsafəsi ABŞ-ın ATACMS raketlərindən də uzundur. Raketlərin ixrac versiyasının uçuş məsafəsi 290 km, adi versiyaların uçuş məsafəsi isə 560 km-dir.

Qeyd edək ki, əvvəllər Britaniya və Fransanın bu raketləri Ukraynaya ötürdüyü haqda məlumat yayılsa da tam olaraq hansı versiya raketlərin göndərildiyinə dair məlumat verilməmişdi.

Xəbər lenti