Fransalı aktyor Alen Delon vəfat edib.
Lent.az-ın xəbərinə görə, bu barədə "France-Presse" məlumat yayıb.
Aktyor 88 yaşında Fransada Duşi kommunasındakı evində vəfat edib.
Alen Delon 8 noyabr 1935-ci ildə Fransada anadan olub. Teatr və kino aktyoru, kinorejissor, ssenarist və prodüser olub. Aktyor “Parlaq günəşdə” (1960), “Rokko və qardaşları” (1960), “Leopard” (1963), “Qara lalə” (1964) filmləri ilə böyük şöhrət qazanıb, “Qızıl Qlobus”a layiq görülüb. “Bizim tariximiz” filmində ən yaxşı kişi roluna görə 1984-cü ildə Sezar mükafatı laureatı olub. Xüsusən yaraşıqlı olması ilə də diqqət çəkib.
Alen Delon 2019-cu ildə iki dəfə insult keçirib. Bununla bərabər, aktyora Alzeymer və xərçəng diaqnozu qoyulub. Uzun müddət davam edən xəstəlik səbəbindən 2022-ci ildə Alen Delon evtanaziya yolu ilə həyatın son qoymaq istədiyini bildirib.
Aktyorun həyatının son illəri həm də uşaqları ilə bağlı müxtəlif qalmaqallar və məhkəmə çəkişmələri ilə kölgədə qalıb. Ailə çəkişmələrinin səbəblərindən biri miras bölgüsü məsələsi olub. Delona yaxın adamlar övladlarının aktyoru öldürməyə cəhddə ittiham ediblər.
Qeyd edək ki, bu ilin aprelində Fransanın Montarji kommunasının məhkəməsi Alen Delon üçün gücləndirilmiş qəyyumluq rejimi təyin edib. Delonun gəliri və əmlakı qəyyumun öhdəsinə keçdi. Lakin həmin şəxsin adı açıqlanmayıb.