ABŞ-da Cənubi Karolina ştatının Ali Məhkəməsi ştatda güllələnmə, öldürücü inyeksiya və elektrik stulu üsulları ilə ölüm cəzasının tətbiqinin qanuni olduğuna dair qərar qəbul edib.
Lent.az xəbər verir ki, Cənubi Karolina ştatının Ali Məhkəməsi məhbusların 2011-ci ildə irəli sürdükləri iddiaya yenidən baxıb. İddiada edam praktikasının Konstitusiya ilə qadağan olunduğu müdafiə olunub.
Ali Məhkəmənin beş hakiminin hamısı ştatda güllələnmə, öldürücü inyeksiya və ya elektrik kürsü ilə ölüm cəzasına məhkum edilmiş şəxslərə ölüm cəzasının verilməsinin qanuni olduğuna dair qərar qəbul edib.
Qərarda qeyd olunub ki, edama məhkum edilən məhbus ona ən az ağrı verəcəyini düşündüyü bu 3 üsuldan birini seçə bilər.
Bu qərar ştatda edamların qapısını yenidən açsa da, nə zaman yenidən tətbiq olunacağını və ya ölüm cəzası alan məhbusların vəkillərinin qərara etiraz edib etməyəcəyi məlum deyil.
Qeyd edək ki, hazırda Cənubi Karolina ştatında ölüm hökmü verilən 32 məhbus var.
1976-cı ildə ABŞ-da ölüm hökmünün bərpasından bu yana Cənubi Karolinada 43 məhbusun edam edildiyi və məhbusların demək olar ki, hamısının öldürücü inyeksiyanı seçdiyi bildirilir.