Sinqapurda Azərbaycan Mərkəzi Bankının (AMB) həmsədr olduğu işçi qrupun hazırladığı Sosial Taksonomiya Alətlər Toplusunun praktik tətbiqi müzakirə edilib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Məhəmməd Məhərrəmli Sinqapurda Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsinin təşkil etdiyi müzakirə panelində çıxış edib, "Dayanıqlı KOB maliyyəsi" mövzusuna həsr olunan müzakirə çərçivəsində AMB-nin dayanıqlı maliyyə sahəsindəki əsas təşəbbüs və prioritetlərini diqqətə çatdırıb, maliyyə sektorunun bu istiqamətdə potensialının gücləndirilməsinə yönəlmiş layihələr barədə məlumat verib.
Panel müzakirəsi çərçivəsində sosial maliyyənin inkişafı, inklüziv və dayanıqlı iqtisadi artımın dəstəklənməsi, həmçinin AMB-nin həmsədr olduğu işçi qrup tərəfindən hazırlanmış Sosial Taksonomiya Alətlər Toplusunun praktik tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbir tənzimləyiciləri, sənaye assosiasiyaları və maliyyə institutlarının nümayəndələrini, eləcə də ekspertləri mövcud siyasət üzrə strateji müzakirələr ətrafında bir araya gətirib.
Mənbə: report.az