IMG-LOGO

Kölndə sinaqoqa hücum hazırlayan iki İraq vətəndaşı saxlanılıb

26 Nov 2026 15:40 9 baxış
IMG

Almaniyada Kölndəki sinaqoqa hücum hazırlayan terror qruplaşmasında iştirakda şübhəli bilinən iki İraq vətəndaşı saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb.

Almaniya Baş Prokurorluğunun tapşırığı ilə terrorla mübarizə üzrə müstəntiqlər Şimali Reyn-Vestfaliya, Hessen və Baden-Vürtemberqdə 17 obyektdə axtarış aparıblar. Əməliyyatın nəticələrinə görə, xüsusi təyinatlılar Kölndə 34 yaşlı iraqlı Əmir C.-ni, Heydelberqdə isə onun 31 yaşlı həmyerlisi Mustafa Əl-R.-ni saxlayıblar. Həmin şəxslərə Almaniyada fəaliyyət göstərən terror qruplaşmasına mənsub olmalarına dair ittihamlar irəli sürülüb. Məlumata görə, qruplaşma Almaniya və digər Avropa ölkələrində terror aktları planlaşdırıb.

İstintaq müəyyən edib ki, bu qruplaşma bir neçə Avropa ölkəsində yəhudi və İsrail obyektlərinə edilmiş silsilə hücumlara görə məsuliyyət daşıyır. Qruplaşmanın bir neçə üzvü 2026-cı ilin mart ayında ardıcıl iki gecə yəhudi məbədinə baş çəkib – bu zaman onların üzərində partlayıcı maddə olub. Bundan başqa, digər nümayəndələr başqa bir Avropa şəhərində yerləşən ikinci sinaqoqa yollanıblar – onlarda da partlayıcı maddə olub. Lakin planlaşdırılan terror aktları yekunda həyata keçirilməyib. Bunun səbəbini istintaq müəyyən edəcək.

Mənbə: report.az

Xəbər lenti