Əmanətlərin Sığortalanması Fondu (ƏSF) fərdi kompüter, noutbuk, monoblok kompüter və çoxfunksiyalı çap qurğuları əldə etmək üçün tender proseduruna start verib.
"Report" bu barədə ƏSF-in açıqladığı tender şərtlərinə istinadən xəbər verir.
Qeyd olunur ki, satınalma prosesi çərçivəsində cəmi 34 ədəd texniki avadanlığın əldə edilməsi planlaşdırılır. Ehtimal edilən məbləğ 80,725 min manat həcmindədir. Satınalma predmetinə 24 ədəd HP All-in-One monoblok kompüter, 1 ədəd Lenovo Yoga Slim noutbuk, 5 ədəd HP ProBook 4 G2i noutbuk, 2 ədəd ASUS Zenbook 14 OLED noutbuk, 1 ədəd HP Pro Tower 290 G9 masaüstü kompüter, həmçinin 1 ədəd HP Color LaserJet Pro MFP 4303dw çoxfunksiyalı printer daxildir.
Təkliflərin təqdim olunması üçün son müddət dekabrın 21-i saat 12:00 olaraq müəyyənləşdirilib, zərflərin açılması isə eyni gün saat 16:00-da baş tutacaq. Tenderdə iştirak haqqı 100 manat məbləğində nəzərdə tutulub.
Təkliflərin qiymətləndirmə prosesində satınalma predmetinin dəyəri, istismar xərcləri, texniki xidmət məsrəfləri, eləcə də satınalma predmetinin keyfiyyətinə verilmiş təminat (qarantiya) müddəti kimi amillər əsas meyarlar qismində nəzərə alınacaq. Satınalma predmetinin çatdırılması, işlərin icrası və xidmətin göstərilməsi müqavilənin imzalandığı tarixdən etibarən ən geci 15 iş günü ərzində yerinə yetirilməlidir. Tender təkliflərinin akseptindən sonra satınalma predmeti üzrə tələbatı tam həcmdə ödəyən və ən aşağı qiymət təklif edən təchizatçı ilə 5 iş günü müddətində satınalma müqaviləsi bağlanılır.
Tenderin təşkili ilə əlaqədar ətraflı məlumat əldə etmək üçün əlaqələndirici şəxs Əmanətlərin Sığortalanması Fondunun Satınalma komissiyasının katibi Rüfanə Xanlarovadır.
Mənbə: report.az