IMG-LOGO

Səhər qəhvə içəndən sonra niyə tualetə getmək istəyirik?

12 Nov 2026 09:37 2 baxış
IMG
0 0

Səhər qəhvə içdikdən sonra orqanizm demək olar ki, dərhal reaksiya verir. Lakin bu reaksiyanın arxasında konkret fizioloji proseslər dayanır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bir çox insanda yuxudan oyandıqdan dərhal sonra içilən bir fincan qəhvə böyük bayıra çıxmaq istəyinə səbəb olur. Bu hal çox vaxt yalnız kofeinlə əlaqələndirilsə də, əslində prosesdə bir neçə mexanizm iştirak edir.

Bunlara bioloji saat, sinir sistemi və hormonal siqnallar daxildir. Mütəxəssislər qəhvənin cəmi bir neçə qurtumundan sonra həzm sisteminin niyə aktivləşdiyini izah ediblər.

Gecə istirahəti zamanı yoğun bağırsağın fəaliyyəti zəifləyir. Lakin insan oyandıqdan sonra bağırsağın aktivliyi tədricən bərpa olunur. Eyni zamanda qastrokolik refleks işə düşür. Qida və ya mayenin mədəyə daxil olması onun divarlarının genişlənməsinə səbəb olur. Bu isə sinir və hormonal siqnallar yaradaraq yoğun bağırsağın yığılmalarını gücləndirir və bağırsaq möhtəviyyatının hərəkətini sürətləndirir.

Qəhvə oyandıqdan sonra bağırsaqların təbii fəaliyyətini daha da gücləndirir. Qəhvə içildikdən cəmi dörd dəqiqə sonra yoğun bağırsağın hərəkət aktivliyi nəzərəçarpacaq dərəcədə artır. Maraqlıdır ki, bu proses yalnız kofeinlə bağlı deyil. Hətta kofeinsiz qəhvə də bağırsaq peristaltikasını stimullaşdırır. Lakin onun təsiri adi qəhvə ilə müqayisədə təxminən 23 faiz zəif olur.

Alimlər bu reaksiyanı qəhvənin tərkibindəki üzvi və xlorogen turşularla, həmçinin həzm hormonları olan qastrin və xolesistokininin ifrazının artması ilə əlaqələndirirlər. Səhər qəhvəsinə qarşı reaksiya hər insanda fərqli olur.

Bu, həzm sisteminin xüsusiyyətlərindən, qəhvənin tündlüyündən, içilən miqdardan və ona əlavə olunan məhsullardan asılıdır. Məsələn, laktozaya qarşı dözümsüzlüyü olan insanlarda qəhvəyə əlavə edilən süd qarında köp, spazm və ishala səbəb ola bilər.

Qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkən insanlarda da kofeinə və qəhvənin digər komponentlərinə qarşı həssaslıq yüksək ola bilər. Belə hallarda qəhvə qarın ağrısına və nəcis ifrazında pozuntulara səbəb ola bilər.

Mütəxəssislərin sözlərinə görə, qəhvə mədə yanması, reflüks və ya digər xoşagəlməz əlamətlər yaratmırsa, onu acqarına içməkdən mütləq imtina etməyə ehtiyac yoxdur. Lakin həssas mədəsi olan insanlara qəhvəni səhər yeməyi zamanı və ya yeməkdən sonra içmək tövsiyə edilir.

Bağırsaqların normal fəaliyyəti üçün kifayət qədər su içmək, liflə zəngin qidalar qəbul etmək və müntəzəm fiziki aktivlik də mühüm əhəmiyyət daşıyır.

Mütəxəssislər həzmi sürətləndirmək məqsədilə həddindən artıq qəhvə içməyi məsləhət görmürlər. Sağlam yetkin insanlar üçün gündə 400 milliqramdan çox kofein qəbul etməmək tövsiyə olunur. Bu miqdar qəhvənin növündən və tündlüyündən asılı olaraq təxminən 2–4 fincana uyğun gələ bilər.

Şiddətli qarın ağrıları, uzun müddət davam edən ishal, nəcisdə qan və ya səbəbsiz çəki itkisi müşahidə olunarsa, bu əlamətləri sadəcə qəhvə ilə əlaqələndirmək düzgün deyil. Belə hallarda mütləq tibbi müayinədən keçmək lazımdır.

Maraq qəhvə bağırsaq fəaliyyəti

Mənbə: lent.az

Xəbər lenti