ABŞ Dövlət Departamenti İranın nüvə proqramı haqqında məlumat verən şəxslərə 20 milyon dollara qədər mükafat təyin edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mükafat nüvə obyektləri, avadanlıqlar, onların yerləşdiyi ərazilər və proqramda iştirak edən şəxslər barədə məlumatlara görə veriləcək.
Mükafat Dövlət Departamentinin “Ədalət naminə mükafat” proqramı çərçivəsində nəzərdə tutulub. ABŞ həmçinin məlumat verən şəxslərin xaricə çıxmasına yardım göstərməyə hazır olduğunu açıqlayıb.
Dövlət Departamentinin bəyanatında qeyd olunub ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) 2025-ci ildə yaydığı məlumata əsasən, İran uranı 60 faizədək zənginləşdirib. Bu göstərici nüvə silahı üçün tələb olunan təxminən 90 faizlik səviyyəyə yaxındır.
ABŞ tərəfi İranın nüvə silahına malik olmayan ölkələr arasında uranı bu qədər yüksək səviyyədə zənginləşdirən yeganə dövlət olduğunu bildirib.
Bəyanatda həmçinin İranın BAEA qarşısındakı öhdəliklərinə əməl etməməsi səbəbindən agentliyin sentrifuqaların istehsalı və ehtiyatları barədə məlumatları fasiləsiz izləmək imkanını itirdiyi vurğulanıb.
İran isə nüvə silahı əldə etmək niyyətində olmadığını və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə sadiq qaldığını dəfələrlə bəyan edib.
ABŞ Dövlət Departamentinin rəsmi saytında yayımlanan məlumat da 20 milyon dollara qədər mükafat təklifini təsdiqləyir.
ABŞ-İran müharibəsi dünyadan xəbərlər İranın nüvə proqramıMənbə: lent.az